...

Aparat rəhbəri: Lapşinin Azərbaycana gətirilməsi təcrübəsini Xocalı soyqırımını törədənlərə qarşı da davam etdirmək olar

Siyasət Materials 25 Fevral 2017 07:51 (UTC +04:00)
Azərbaycanının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən Aleksandr Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı müsbət təcrübəni Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.
Aparat rəhbəri: Lapşinin Azərbaycana gətirilməsi təcrübəsini Xocalı soyqırımını törədənlərə qarşı da davam etdirmək olar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən Aleksandr Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı müsbət təcrübəni Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

25 il bundan əvvəl - fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı genosid cinayətini törətdiyini xatırladan A.Səfixanlı qeyd edib ki, Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid kimi tövsif edilməlidir:

"Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilib, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Həmin Konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır. Analoji normalar Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində (4-cü maddə), Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində (3-cü maddə) və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunub”.

A.Səfixanlı deyib ki, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adı çəkilən beynəlxalq sənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilib.

Onun sözlərinə görə, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi də öhdələrinə götürüblər:

“Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıq mühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayət olunan yeni cinayətlər törətməsinə rəvac verib. Bu da sülhə və bəşəriyyətə açıq təhdiddir”.

A.Səfixanlı bildirib ki, Xocalı soyqrımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur:

"Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır. “Beynəlxalq tribunallar, beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir. Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunub, sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları yaradılıb. Beynəlxalq tribunallar genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsi həyata keçirir. BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş verən silahlı münaqişə zamanı törədilən genosid və soyqırım cinayətlərini məhz beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə kimi qiymətləndirərək və BMT Nizamnaməsinin VII fəsilində təsbit olunmuş müddəaları rəhbər tutaraq bu cinayətlərin törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibi məqsədilə iki beynəlxalq tribunal təsis edib”.

A.Səfixanlı hesab edir ki, Xocalı faciəsi zamanı baş verən hadisələr zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır:

“Təəssüflə qeyd etmək istərdim ki, Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibini həyata keçirmək üçün kifayət qədər hüquqi əsaslar və analoji məhkəmə təcrübələri olmasına baxmayaraq, Azərbaycana qarşı tətbiq edilən ikili standartlar bu günə kimi məsələyə beynəlxalq hüquqi qiymətin verilməməsinə, genosid və insanlıq əleyhinə cinayətləri törətmiş şəxslərin hələ də məsuliyyətdən yayınaraq yeni-yeni cinayətlər etməsinə səbəb olub. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin yürütdüyü cəsarətli xarici siyasət nəticəsində müxtəlif beynəlxalq və regional təşkilatlar tərəfindən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir çox qətnamə və qərarların qəbul edilməsi, Xocalı faciəsinin bir çox ölkələr tərəfindən tanınması, tezliklə Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağına inamı artırır. Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.
Prezident İlham Əliyevin Münhendə BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məlumat verərkən BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulaması BMT-ni bu məsələdə daha fəal olmağa sövq edəcək. Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti