...

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" kitabının həmmüəllifi Bolqarıstan radiosuna müsahibə verib

Siyasət Materials 26 Fevral 2017 14:05 (UTC +04:00)
23 fevral 2017-ci il tarixində "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabının həmmüəllifi İen Pert (Ian Peart) Bolqarıstanın “Fokus” radiosuna (Focus Radio) müsahibə verib
“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" kitabının həmmüəllifi Bolqarıstan radiosuna müsahibə verib

Bakı. Trend:

23 fevral 2017-ci il tarixində "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabının həmmüəllifi İen Pert (Ian Peart) Bolqarıstanın "Fokus" radiosuna (Focus Radio) müsahibə verib.

Müsahibə zamanı Ermənistan dövlətinin yarandığı bir gündən öz ərazilərini genişləndirmək üçün bütün vasitələrə əl atdığını ifadə edən həmmüəllif bu təşəbbüslərin hələ Sovet hakimiyyəti illərində Ermənistan SSR tərəfindən Azərbaycan SSR-ə qarşı edildiyini bildirmişdir. O, SSRİ-nin dağılmasından sonra Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınmış Dağlıq Qarabağa qarşı iddialar irəli sürdüyünü, erməni silahlı qüvvələrinin isə Azərbaycan ərazilərini işğal etdiyini qeyd etmişdir. Həmmüəllif məhz bu işğal çərçivəsində Xocalı şəhərinin bütün kommunikasiya imkanlarının məhdudlaşdırıldığını və qadın, uşaq və ahıllar daxil olmaqla 613 nəfərin acımasızca qətlə yetirildiyi, minlərlə insanın əsir götürüldüyü və bir çoxunun taleyinin naməlum qaldığı bildirmişdir.

Ermənistan-Azərbaycan müharibəsinin ən acınacaqlı məqamı olaraq məhz Xocalıdakı günahsız və əliyalın insanların hədəf seçilməsini xatırlayan həmmüəllif monoetnik dövlət olaraq Ermənistanın işğal etdiyi torpaqların yerli əhalisini özünə düşmən olaraq gördüyünü bildirmişdir. O, mövcudluğu ermənilər üçün əhəmiyyət kəsb etməyən bu insanların əsir və məhbus olaraq ermənilərə çətinliklər yaratdığını və onların öldürülməsinin və ya qaçmağa məcbur edilməsinin daha asan yol olaraq görüldüyünü ifadə etmişdir.

Müsahibə zamanı İ.Pert nəinki Xocalı faciəsindən danışmış, eyni zamanda münaqişənin tarixinə və cari nəticələrinə də toxunmuşdur. O, 1993-cü ildə Ermənistanın Azərbaycanın yeddi rayonunu işğal edərək torpaqlarını genişləndirdiyini, beynəlxalq ictimaiyyətin isə tərəflər arasında vasitəçilik missiyasının yerinə yetirilməsi üçün ən böyük erməni diaspor təşkilatlarının mövcud olduğu ABŞ, Rusiya və Fransa dövlətlərinin təmsil olunduqları ATƏT-in Minsk Qrupunu yaratdığını bildirmişdir. Daha sonra 23 üç ildir ki, görüş və müzakirələrin aparıldığını deyən həmmüəllif buna baxmayaraq vəziyyətin yenə də qeyr-müəyyən qaldığını, hətta işğala məruz qalandan güzəştlərin edilməsinin istənildiyini vurğulamışdır.

Müharibə zamanı dinc əhalinin qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət kimi xarakterizə olunduğu bildirən İ.Pert Xocalıda törədilən vəhşiliklərin səbəbkarlarının, eləcə də Azərbaycan torpaqlarını işğal edənlərin Ermənistanın rəhbərliyində təmsil olunduqlarını vurğulamış və onlara qarşı heç bir tədbirin görülməməsindən təəssüfləndiyini qeyd etmişdir.

O, daha sonra Xocalıda baş vermiş soyqırım ilə əlaqədar insani və humanitar dəyərlərə diqqət yetirilmişdir. Bütün xalqların oxşar təməl ehtiyac, arzu və qorxulara sahib olduğunu bildirən həmmüəllif böhran hallarında insanların eyni dəyərləri bölüşərək bir-birlərinə kömək göstərdiyini, lakin bəzən hirs və arzuların onları kor edərək əməkdaşlığın faydalarını görməməyə sövq etdiyini bildirmişdir. Fikirlərinə davam edən həmmüəllif uzunmüddətli müvəffəqiyyət nail olunması üçün cəsarətli və missiya sahibi rəhbərlərə ehtiyac duyulduğunu xüsusi qeyd ettmişdir. O, Azərbaycanın Dağlıq Qarabağ regionunun, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Füzuli və Cəbrayılın Ermənistan tərəfindən işğal edilməsinin hər iki xalqın üzləşdikləri bütün çətinliklərin başlıca səbəbi olduğunu vurğulamış və Ermənistanın bu işğaldan qazancının nə olduğuna dair sual ilə çıxış etmişdir. Fikirlərinə davam edən İ.Pert işğal olunmuş ərazilərdə yerləşdirilmiş insanların daim qeyri-müəyyən vəziyyətdə yaşadığını və demək olar ki, regionda inkişafın müşahidə olunmadığını bildirmişdir. Bunun müqabilində isə Azərbaycanla münaqişəsi səbəbindən Ermənistanın Cənubi Qafqazın inkişafına birbaşa təsir edən irimiqyaslı neft və qaz layihələrinin müsbət nəticələrindən faydalana bilmədiyini vurğulamışdır.

Müsahibənin sonunda İ.Pert Xocalı şəhərinin sakinlərinin hekayələri ilə başlayan "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" adlı kitabın insanlığa və Cənubi Qafqazda baş verən hadisələrə düzgün mövqe nümayiş etdirilməsində oxuculara və rəhbərlərə kömək edəcəyinə ümid etdiyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti