...

Azərbaycanla Moldova arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 28 Fevral 2017 18:11 (UTC +04:00)
Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Azərbaycanla Moldova arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici İşlər nazirinin müavini Xələf Xələfov, Moldovanı isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy təmsil edib.

X.Xələfov Azərbaycanla Moldova arasında MDB, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın qurulduğunu, XİN-lərarası siyasi məsləhətləşmələr formatının ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.

Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini, bu xüsusda əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün mövcud bütün imkanlardan istifadənin zəruriliyini qeyd ediblər.

Nazir müavinləri Azərbaycanla Moldova arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər və bu faktın digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar yaratdığını bildiriblər. Tərəflər təmsil etdikləri ölkələrin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəklədiklərini xüsusi vurğulayıblar.

X.Xələfov Azərbaycanla Moldova arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və gündəlikdə duran məsələlərin həlli üçün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin canlandırılması və tezliklə növbəti iclasın keçirilməsinin vacibliyini qeyd edib.

Hər iki ölkənin ərazi bütövlüyünün pozulmasını Azərbaycanla Moldovanın üzləşdiyi problemlərin oxşar cəhəti olduğunu bildirən X.Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri və aparılan sülh danışıqları barədə Moldovalı həmkarına ətraflı məlumat verib. O, Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmədiyini bildirib və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtmasının təmin ediləcəyini diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin siyasi manipulyasiya etdiyini, danışıqlar prosesini pozduğunu vurğulayan X.Xələfov, Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində və silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini, gərginliyi artırmaqla sülh prosesinə zərbə vurduğunu bildirib.

Regionda Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən X.Xələfov, sözügedən istiqamətdə, xüsusilə də Qara Dəniz vasitəsi ilə yük daşımalarının Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlığa töhfə verə biləcəyinə inam ifadə edib.

Lilian Dariy ölkəsinin Azərbaycanın tranzit imkanlarından istifadə etməkdə maraqlı olduğunu dilə gətirdi və Qara Dəniz vasitəsi ilə yüklərin daşınmasında mövqelərin üst-üstə düşdüyünü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti