...

ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Siyasət Materials 2 Mart 2017 12:02 (UTC +04:00)
Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransı keçirilib.
ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Martın 1-də Vaşinqton şəhərinin mərkəzində yerləşən məşhur “Willard InterContinental” otelində Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası (AATP) tərəfindən ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfrans keçirilib.

Səfirikdən Trend-ə verilən məlumata görə, “Gələcəyə Baxış: diplomatiya, biznes, ticarət, investisiya” mövzusunda keçirilən konfransa ABŞ-ın dövlət qurumlarının yüksək rütbəli çoxsaylı nümayəndələri, eləcə də aparıcı şirkətlər, nüfuzlu analitik mərkəzlər və Vaşinqtonda akkreditə olunmuş diplomatik missiyalar qatılıb. Tədbirdə həmçinin ölkəmizdən hökumət rəsmiləri və işüzar dairələrin təmsilçilərindən ibarət geniş nümayəndə heyəti, ümumilikdə isə 200-dən çox qonaq iştirak edib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, ABŞ-ın Ticarət Palatası, Azərbaycandakı Amerika Ticarət Palatası, Paşa Bank, SOCAR, "Gilan Holdinq", “Boeing”, “BP”, “Chevron”, “Baker McKenzie”, “WCC International” və digər təşkilatlar konfransın keçirilməsinə dəstək vermiş, tərəfdaş kimi qatılıblar.

AATP-nin həmsədri Rza Vəziri və icraçı direktoru Süsən Sadıqova konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyəti barədə məlumat veriblər. Açılış mərasimində AATP-nin fəxri üzvü, ABŞ-ın Nyu-Hempşir ştatının sabiq qubernatoru Con Sununu konfransla bağlı təbriklərini çatdırıb, onun işinə uğurlar arzulayıb. Corc Buşun prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri və ABŞ-ın tanınmış siyasətçisi olan C.Sununu çıxışında həmçinin, Azərbaycanla əməkdaşlığı təqdir edib, ölkəmizin xüsusi əhəmiyyətli coğrafi yerləşməsindən və Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətindən danışıb və Azərbaycan-ABŞ tərəfdaşlığının irəli aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, ötən 25 il ərzində ölkə iqtisadiyyatının inkişafı haqqında ətraflı məlumat verdi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində mühüm uğurların əldə edildiyini diqqətə çatdırıb. O, neft və qaz sektorunun xarici sərmayə qoyuluşu üçün əsas sahə olsa da, son illər iqtisadiyyatımızın digər sahələrinə də marağın artdığını söyləyib. Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu deyən nazir müavini ABŞ şirkətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa dəvət edib. Bu xüsusda ABŞ Ticarət Nazirliyi tərəfindən mütəmadi olaraq, ölkəmizə təşkil edilən ticarət missiyalarının əhəmiyyəti qeyd olunub. Nazir müavini Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabətliliyinə görə 37-ci, MDB ölkələri arasında isə 1-ci yerdə olduğunu vurğulayıb.

Tədbirdə ABŞ tərəfindən əsas qonaq qismində iştirak edən dövlət katibinin köməkçisi və beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifələrini icra edən səfir Meri Vorlik Azərbaycanın etibarlı tərəfdaş olduğunu və iki ölkənin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uzunmüddətli strateji əlaqələrə malik olduğunu söyləyib. O, bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü iclasında ABŞ nümayəndə heyətinin iştirakına toxunaraq, tədbirlə bağlı dövlət katibi Reks Tillerson tərəfindən ünvanlanmış müraciəti səsləndirib. Müraciətdə ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasına sadiq qaldığı, bu layihədə Azərbaycanın aparıcı rolunun təqdir edildiyi, onun Avropaya həqiqi diversifikasiya, əlavə qaz mənbəsi və həcmi gətirdiyi, Azərbaycanla əməkdaşlığın irəli aparılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Ticarət Nazirinin köməkçisinin birinci müavini Holi Vinyard çıxış edərək, ABŞ-la Azərbaycanın kommersiya əlaqələrinin uzun tarixə malik olduğunu və bu sahədə əməkdaşlığın inkişafı üçün çox böyük potensialın olduğunu bildiriblər. Natiqlər Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayaraq, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı sahəsində ölkəmizdə son dövrlər aparılan iqtisadi islahatları yüksək qiymətləndirib və ABŞ şirkətləri üçün Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğunu qeyd ediblər. H.Vinyard ABŞ tərəfinin Azərbaycanın iqtisadiyyatının modernizasiyası və diversifikasiyasına dəstək verməyə hazır olduğunu deyib. Səfiri R.Sekuta eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan və regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Daha sonra konfrans plenar sessiyalar üzrə davam edib. Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri, professor Frederik Starrın aparıcısı olduğu “Regional strateji məqsədlər” mövzusunda aparılmış ilk müzakirələrdə ABŞ dövlət departamentinin beynəlxalq enerji məsələləri üzrə sabiq xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn, dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel, müdafiə naziri köməkçisinin keçmiş müavini Mixayl Karpenter və “Heritage Foundation”in xarici siyasət üzrə direktoru Lük Koffi çıxış edərək, Azərbaycanın regionun enerji təhlükəsizliyinin və diversifikasiyasının təmin olunmasında vacib rol oynadığını, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal əhəmiyyətli neft-qaz layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayıblar. Həmçinin, müzakirələr zamanı regionun ticarət və tranzit imkanlarının geinişləndirilməsi sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi böyük infrastruktur layihələrinin Azərbaycan tərəfindən həyata keçirildiyi, bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə əlaqədar ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığı qeyd edilib.

A.Hokştayn ABŞ-ın Azərbaycanla münasibətlərinə həqiqi strateji tərəfdaşlıq prizmasından yanaşmalı olduğu, ABŞ-ın regionda Azərbaycan kimi etibarlı müttəfiqə ehtiyacı olduğunu və ikitərəfli münasibətlərin strateji məzmunda inkişaf etdirilməsinin vacibliyini deyib. O, əlavə olaraq, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyən ilk ölkələrdən olduğunu və bunun Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. M.Karpenter çıxışında həmçinin Azərbaycanın bir sıra, o cümlədən kontr-terrorizm sahəsində inanılmaz dərəcədə dəyərli tərəfdaş olduğunu vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə toxunmuş və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib. M.Karpenter ABŞ-ın bu münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu da əlavə edib.

ABŞ-ın nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji və milli təhlükəsizlik proqramının direktoru Edvard Çounun aparıcısı olduğu “Yeni regional enerji xəritəsi” adlı sessiyada SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək, hazırda dünyada reallaşmaqda olan ən böyük enerji infrastrukturu layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən bəhs edib, onun regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini bildiriblər. Həmin sessiyada çıxış edən Dünya Bankının TANAP layihəsi üzrə xüsusi məsləhətçisi Abdulaziz Faği “Cənub Qaz Dəhlizi” layihəsinin Dünya Bankı Qrupu tərəfindən dəstəklənən mühüm layihə olduğunu və onun bir hissəsi olan Trans-Anadolu təbii qaz kəmərinin inşası üçün Azərbaycan tərəfi ilə yaxınlarda kredit müqaviləsinin imzalandığını demişdir. Eləcə də, bu sessiyada “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk şirkəti ilə Azərbaycan arasında əməkdaşlıqdan və yeni investisiya planlarından bəhs edib. O, “Statoil” şirkətinin Azərbaycan iqtisadiyyatına, o cümlədən enerji sektoruna indiyədək 6,5 milyard dollar həcmində sərmayə yatırdığını və bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Konfrans çərçivəsində təşkil edilən “Bank və maliyyə”, “Azərbaycanda biznes mühiti və həyata keçirilən iqtisadi islahatlar”, “Dövlət-özəl sektor tərəfdaşlığı” və “Qeyri-neft sektorunda investisiya imkanları” mövzusunda müzakirələrdə ölkəmizdən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Elşad Xanəlibəyli, habelə özəl şirkətlərin, o cümlədən Paşa Bank, “Azərsun Holdinq”, “Gilan Holdinq”in nümayəndələri çıxış ediblər. Aparılmış müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş strateji yol xəritələri haqqında geniş məlumat verilib, eləcə də qeyri-neft sektorunda həyata keçirilən investisiya layihələri təqdim edilmiş, özəlləşdirmə və ixracın stimullaşdırılması sahəsində görülən tədbirlərdən danışılıb.

Bununla yanaşı, müzakirələrdə ABŞ tərəfindən iştirak edən Ticarət Palatasının vitse-prezidenti Qari Litman, İxrac-İdxal Bankının vitse prezidenti Robert Roy, Xarici Özəl Sərmayə Korporasiyasının maliyyə direktoru Kennet Angel və digər aparıcı şirkət, o cümlədən “Cisco”, “PwC”, “Deloitte”, “BNY Mellon” nümayəndələri iştirak edərək, ölkəmizlə uğurlu əməkdaşlıqdan və həyata keçirdikləri layihələrdən söhbət açıblar.

İki gün davam edən konfrans növbəti gün "Birbaşa xarici investisiyalar, birgə maliyyələşmə, dövlət-özəl sector əməkdaşlığı” və “Azərbaycanda biznes imkanları, islahatlar və vergi” mövzusunda dayirmi masa müzakirələri formatında davam edib. Bundan başqa, tədbir çərçivəsində AATP-i tərəfindən Azərbaycanda biznes mühiti və iqtisadiyyatın müxtəlif sektorlarında investisiya imkanlarına dair “ABŞ-Azərbaycan ticarət və biznes bələdçisi” bülleteni hazırlanmış və iştirakçılara təqdim edilib.

Konfrans ABŞ ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ümumilikdə tədbir Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini bir daha nümayiş etdirib və ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafında yeni bir addım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti