...

FHN: I mikrorayonla bağlı layihə özünü doğrultsa, bu, digər mikrorayonları da əhatə edəcək

Siyasət Materials 15 Mart 2017 13:24 (UTC +04:00)
Bakıda 5 və 9 mərtəbəli köhnə binaların sökülməsi və yeni mikrorayonlarən tikintisinə bu il başlanılacaq.
FHN: I mikrorayonla bağlı layihə özünü doğrultsa, bu, digər mikrorayonları da əhatə edəcək

Bakı. Samir Əli - Trend:

Bakıda 5 və 9 mərtəbəli köhnə binaların sökülməsi və yeni mikrorayonların tikintisinə bu il başlanacaq.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, artıq bununla bağlı tədbirlər planının hazırlanmasına başlanılıb: "Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub. Bu layihə pilotdur, layihə özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək".

E. Əsədov bildirib ki, məqsəd Sovet dövründə tikilən köhnə binaların yeni yaşayış massivinə çevrilməsidir: "Köhnə binaların sökülməsi üçün əvvəlcə ailələr köçürülməlidir. Yeni mənzillər tikilənə qədər ailələrin kirayə haqları ödəniləcək. Yeni mənzildə verilən evlər isə əvvəlki evlərin sahəsindən 10 faiz artıq olacaq. Bundan başqa, yeni binalardan ev və obyekt istəməyənlər köhnə mənzillərini sata da bilərlər. Ərazidə sosial binalar da var. Həmin binaların da yeni yaşayış massivində tikilməsi nəzərdə tutulur. Bu işlərin gedişində qarşıya çıxan problemlərin aradan qaldırılması üçün işçi qrupu da yaradılacaq. Ərazi 29 hektarı əhatə edəcək. Hazırda həmin ərazidə 29 ədəd 4 bloklu beşmərtəbəli, 4 ədəd 4 bloklu 9 mərtəbəli və 1 ədəd 5 bloklu 16 mərtəbəli bina var. Həmin ərazidə 6 ədəd 10, 12 və 17 mərtəbəli yeni yaşayış binaları da var. Həmin binalar sökülməyəcək və yeni yaşayış kompleksinə uyğun təmir ediləcək".

Rəis müavini bildirib ki, hazırda ərazidə 1729 ailə məskunlaşıb: "Tikiləcək sahəyə vəsait özəl şirkətlərin və kredit təşkilarlarından götürülən kreditlərlə olacaq. İlkin mərhələdə binalardakı sakinlərin köçürülməsi və binalarən sökülməsidir. Söküntüdən sonra binaların tikintisinə başlanacaq. Tikinti mərhələlərlə həyata keçiriləcək. Bir və ya bir necə 5 mərtəbənin söküntüsü və həmin ərazilərin tikintiyə hazırlığı olacaq. Bu binaların yerində 20 mərtəbələr tikiləcək. Həmin bina hazır olandan sonra ərazidə yaşayan ailələr ora köçürüləcək və söküntü mərhələli aparılacaq".

E.Əsədov qeyd edib ki, sakinlərin kirayə haqları və əmlakə satan sakinlərə veriləcək məbləğ bazar qiymətləri ilə hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti