...

Fuad Muradov: Fransa-Azərbaycan münasibətləri həm siyasi, həm də iqtisadi sferada inkişaf edir

Siyasət Materials 15 Mart 2017 19:31 (UTC +04:00)
Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var.
Fuad Muradov: Fransa-Azərbaycan münasibətləri həm siyasi, həm də iqtisadi sferada inkişaf edir

Bakı. Trend:

Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi sferada inkişaf edir”.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Fuad Muradov Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər: “Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin sayı 50-dən çoxdur. İki ölkə arasında əlaqələr iqtisadi münasibətlərə də mühüm töhfə verir. Prezident İlham Əliyev Fransaya səfəri zamanı bu ölkənin biznes dairələri ilə mühüm görüşlər keçirdi. Bu görüşlər Azərbaycan-Fransa iqtisadi əlaqələrinin daha da inkişafına təsir edəcək”.

F.Muradov qeyd edib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Bir müddət öncə biz Fransa Senatında mühüm görüşlər keçirdik. Bu gün Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu çərçivəsində çox yaxşı əməkdaşlıq var. Fransadan olan deputat qrupu Azərbaycanda səfərdə olarkən də ərazi bütövlüyümüzə dəstək nümayiş etdirdilər”.

Dostluq qrupunun üzvü əlavə edib ki, Prezident İlham Əliyevin Ollandla görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi: “Azərbaycan Prezidenti orada Azərbaycanın ədalətli mövqeyini bir daha gündəmə gətirdi. Olland da mövcud status-kvonun dəyişdirilməsinin vacibliyi haqda danışdı. Fransada prezident seçkiləri keçiriləcək və ölkəyə yeni prezident rəhbərlik edəcək. Lakin Fransanın xarici siyasət istiqamətləri dəyişmir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir, buna görə də ondan Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe gözləyirik. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə bir daha dilə gətirdi. İnanırıq ki, bu görüşlərin münaqişənin həllinə müsbət təsirləri olacaq”.

Prezident İlham Əliyevin bəzi fransız şirkətlərinin Dağlıq Qarabağda qanunsuz fəaliyyəti haqda Parisdə səsləndirdiyi fikirlərə də toxunan F.Muradov bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı hüquqi tədbirlər həyata keçirir: “Azərbaycan dövlətinin mövqeyi qətidir. Bu yaxınlarda Avropa Parlamentində açıq şəkildə bildirdik ki, müxtəlif ölkələrin, həmçinin, Fransanın bəzi şirkətləri Dağlıq Qarabağda və işğal olunmuş digər rayonlarda qanunsuz fəaliyyət göstərirlər. Prezident İlham Əliyev də bunu bir daha vurğuladı. Qeyd etdi ki, qanun hamı üçün eynidir. Beynəlxalq qanunvericilik var və hər kəs buna uyğun fəaliyyət göstərməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti