...

Bakıda bir sıra dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçiriləcək

Siyasət Materials 16 Mart 2017 16:08 (UTC +04:00)
“Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda iclası keçiriləcək.
Bakıda bir sıra dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçiriləcək

Bakı. Trend:

“Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,“Asiyanın Qəlbi-İstanbul Prosesi” çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında yaradılıb. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir.

Prosesdə Azərbaycan da daxil olmaqla 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində iştirak edir.

Azərbaycanın beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq, 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstan ilə malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, prosesə qoşulub.

İstanbul prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, prosesin illik əsasda dəyişən həmsədri vardır. Azərbaycan Respublikasının proses çərçivəsində aktiv rolu və regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq, 2016-cı ilin 4 dekabr tarixində Hindistanın Amritsar şəhərində keçirilmiş “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycan Respublikasına həvalə edilib.

Proses çərçivəsində regionda sülh və sabitliyin təmin olunmasına dair müntəzəm siyasi müzakirələr aparılır və praktiki əməkdaşlığı təmin edən müxtəlif mexanizmlər fəaliyyət göstərir. Hazırda ölkəmiz İstanbul prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotik vasitələr əleyhinə işçi qrupa və Türkmənistanla birlikdə regional nəqliyyat dəhlizləri üzrə işçi qrupa həmsədrlik edir.

Həmsədr qismində Azərbaycan il ərzində prosesinin əsas orqanları olan xarici işlər nazirlərinin konfransına və yüksək vəzifəli rəsmilərinin iclaslarına ev sahibliyi edəcək. Bu qəbildən ilk tədbir kimi, 2017-ci ilin 17 mart tarixində Bakı şəhərində “Asiyanın Qəlbi-İstanbul Prosesində” iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçiriləcək.

Azərbaycan və Əfqanıstanın xarici işlər nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçiriləcək iclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti