...

Aleksandr Kvasnievski: Miqrasiya, böhranlar Aİ-də sərbəst ticarətin əsasını darmadağın edir (FOTO)

Siyasət Materials 17 Mart 2017 16:05 (UTC +04:00)
V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb.
Aleksandr Kvasnievski: Miqrasiya, böhranlar Aİ-də sərbəst ticarətin əsasını darmadağın edir (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun növbəti iclası “Avropanın gələcəyi” mövzusuna həsr olunub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən iclasda Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqının (Aİ) gələcəyi ilə əlaqədar optimist düşüncələrinin olduğunu söyləyən Mladen İvaniç təhlükəsizlik baxımından Avropa ölkələrinin bir yerdə qalmasının əhəmiyyətinə toxunub: “Miqrantların Avropa İttifaqına daxil olması ilə yaranmış problemlərə baxmayaraq, bu qurum daha da stabil ola bilər. Aİ uğurlu model kimi fəaliyyət göstərir. Digər problemləri həll etmək mümkündür. Niderlandda keçirilən seçkilərin nəticəsi də pozitiv danışmağa əsas verir”. Birləşmiş Krallığın Aİ-dən çıxmasının quruma təsirinin çox güclü olmayacağını deyən Mladen İvaniç keçid dövrünün uğurla başa çatacağını bildirib.

Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnievski demoqrafiyanın Avropa İttifaqı üçün fəsadlarının olduğunu dilə gətirib. O bildirib ki, miqrasiya məsələsi, qaçqın məsələsi Aİ-nin gələcəyi deməkdir: “Afrikadan, Asiyadan miqrasiya, böhranlar azad, sərbəst ticarətin əsasını darmadağın edir. Biz lazımi şəkildə böhranların səviyyəsini düzgün ölçməmişik. Siyasət isə keçid dövrünü yaşayır. Sistem hələ də yaradılmayıb. Belə bir xaotik vəziyyətdə Avropa inteqrasiyası qorunmalıdır. Liderlik problemi, qərarvermə sistemi əslində əsas çətinliklərdən biridir. Texnoloji dəyişiklər prosesinin qarşısnı almaq mümkün deyil".

Gənclərin seçkilərdə iştirak səviyyəsinin azaldığını bildirən Belçika Krallığının sabiq Baş naziri Yves Leterme rəqabətin olmamasının siyasi bazarda daha çox vədlərin verilməsinə gətirib çıxardığını söyləyib. Sabiq Baş nazir sosial, iqtisadi proqramların seçkilərə mənfi təsir göstərdiyini qeyd edib: “Bildiyimiz kimi informasiya kommunikasiya texnologiyalarının rolu çox vacibdir. Gənclər informasiya texnologiyalarına daha çox maraq göstərən təbəqədir. Lakin bu prosesdən kənarda qalanlar da var. Yeni debatlar sol və sağçılar ictimai fikir öyrənilməlidir. Bunun üçün referendum keçirilməlidir. Bütün rəylər göstərir ki, insanların siyasi təmsilçiliklə bağlı problemləri var. Vətəndaşlarımız valyuta kimi avrodan istifadə etməyə davam edir, Avropa İttifaqında sərbəst hərəkət edə bilirlər. Populizmin Avropa inteqrasiyasında qalib gəlmək şansı yoxdur”.

İnsanların bütün çətinliklərə və problemlərə baxmayaraq, Aİ-ni dəstəklədiklərini deyən Sloveniyanın sabiq Prezidenti Danilo Turk Balkan ölkələrinin də bu quruma doğru irəlilədiyini bildirib. Şərq Tərəfdaşlığı ilə bağlı prinsiplərin yenidən düşünülməsinin vacibliyinə toxunan sabiq Prezident söyləyib ki, Avropa İttifaqı mərkəzdir: “Gücləndirilmiş əməkdaşlıqdan istifadə etmək üçün bu mərkəzdə toplaşmaq lazımdır. Düşünürəm ki, sosial-iqtisadi inkişafda ehtiyatlı olmalıyıq. Təhlükəsizlik, hərbi nöqteyi-nəzərdən balkanlarda perspektivimiz olmalıdır. Biz bütün mümkün həmrəyliyi göstərməliyik. Avropa inteqrasiyası böyük məsələlərdə etibarlıdır".

İqtisadiyyat və maliyyə böhranından danışan Niderland Krallığının sabiq Baş naziri Vim Kok Afrikadan Avropaya növbəti on il ərzində qaçqınların gəlməsi prosesinin davam edəcəyini söyləyib. Avropa əməkdaşlığı təhlükəsizliyinin tam təmin olunmadığını qeyd edən Vim Kok bu istiqamətdə liderlərin uzaqgörənliyinin vacibliyini diqqətə çatdırıb: “Əməkdaşlıq üzrə prinsiplər mövcuddur. Avropa əməkdaşlığı tam təmin olunmalıdır. Biz dəyərləri prinsipləri və standratları da qorumalıyıq. Keçmişdə buraxılan səhvlərdən nəticə çıxarılmalıdır. Əhalinin dəstəyi ilə Avropanın gələcəyi növbəti on ildə bərpa edilməlidir".

Gənclərə daha çox sərbəstlik verilməsinin vacibliyini qeyd edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers geosiyasətdə tektonik dəyişiklərin baş verdiyini bildirib. Demokratiyanın tədricən inkişaf etdiyini söyləyən Valdis Zatlers populizm fikirlərinin beyinlərimizdə üstünlük təşkil edə biləcəyini dilə gətirib .

Forumun yüksək səviyyədə təşkilinə görə, Azərbaycan hökumətinə təşəkkür edən Çexiyanın sabiq Baş naziri Jan Fişer Birləşmiş Krallığın çox vacib Avropa layihəsini tərk etdiyini vurğulayıb. O deyib ki, populizmin əsas morfologiyası var. “Demokratiya sadələşdirilməli, eyni zamanda, idarə davranış üslubu tətbiq olunmalıdır”.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini “Çox sürətli Avropa” modelinin hər bir dövlət üçün şərait yaratdığını bildirib. Xarici siyasətdə qətiyyətliliyin göstərilməsinin vacibliyinə toxunan Franko Frattini deyib ki, daxili bazarlar gücləndirilməli, əməkdaşlıq təmin olunmalıdır: “Biz siyasi inteqrasiyaya doğru gedirik. Suriyadan gələn yol kifayət qədər sabitdir. Amma biz hər həftə Siciliya adasından 3-4 min miqrant qəbul edirik. İtaliya, Malta və Yunanıstan artıq bu problemi həll edə bilməyəcək. Biz on minlərlə miqrantı yerləşdirə bilirik. Səmimi desək bölüşmə prinsipinə əməl edilmirsə, fərdi addımların atılması kifayət olmayacaq. Biz Avropa səviyyəsində miqrasiyanı idarə etməliyik”.

Çıxışlardan sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Forum işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti