...

Latviya Prezidenti: Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəkləyirik

Siyasət Materials 17 Mart 2017 17:17 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb.
Latviya Prezidenti: Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəkləyirik

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğu vurğulanıb. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

R.Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verib. Latviya Prezidenti ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğulayıb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya Prezidentinə minnətdarlıq ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti