...

Azərbaycan səfirliyində Kubanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 23 Mart 2017 12:40 (UTC +04:00)
Azərbaycan səfirliyində Kubanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib
Azərbaycan səfirliyində Kubanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Kubadakı səfirliyində Novruz bayramı ilə əlaqədar bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin tanınmış nümayəndələri və Kuba Radio və Televiziya Təşkilatının rəsmilərinin iştirakı ilə dostluq görüşü keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov qonaqları salamlayaraq, dost Kuba ictimaiyyətinin Azərbaycan mədəniyyəti və reallıqlarına nümayiş etdirdiyi marağa görə minnətdarlığını bildirib. C.Salehov ölkəmizin özünəməxsus olan və xalqımızın minillərlə qoruyub saxladığı Novruz adətləri və ənənələri haqqında ətraflı məlumat verib.

Qədim dövrlərdən öz sülhsevər mədəniyyəti ilə seçilən Azərbaycan xalqının Novruz bayramını təbiətə, zəhmətə və insanlığa sevgi rəmzi olaraq qeyd etdiyini bildirən diplomat, müasir dövrümüzdə iqlim dəyişikliyi və digər qlobal çağırışlar və təhdidlər qarşısında sülhü və tərəqqini təcəssüm edən bu bahar bayramının ümumdünya miqyasda əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, məhz bu səbəbdən sevindirici hal olaraq, Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzrə Reprezentativ Siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə 21 Mart "Beynəlxalq Novruz Günü" kimi elan edilib.

Tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq bir dövrdə davam edən işğalçılıq və etnik təmizləmə siyasəti və onun nəticələri haqqında məlumat verilərək qeyd edilib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi fəaliyyəti nəticəsində 1993-cü ildən sonra, ərazilərinin 20 faizinin işğal altında qalmasına və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq, ölkəmiz öz müstəqilliyini qoruyub saxlayıb, yeni sabitlik və sürətli iqtisadi inkişaf dövrünə qədəm qoyub. Diplomat bildirib ki, məhz bu tarixdən Azərbaycan müstəqil dövlət olaraq xalqımızın əziz bayramı olan Novruz bayramını ən yüksək səviyyədə el şənlikləri ilə qeyd etməyə başlayıb.

Görüş zamanı Kubanın mətbuat nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri ilə bağlı sualları cavablandırılıb. Tədbir iştirakçılarına təqdim edilmiş Novruz bayramına xas olan təamlar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda KİV nümayəndələrinə ölkəmizdə Novruz bayramının qeyd edilməsinə həsr edilmiş sənədli film və Kubanın "Havana" kanalının Azərbaycanda Novruz çərşənbələrindən bəhs edən televiziya reportajları nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti