...

Deputat: Ermənistandakı seçkilər ölkədə demokratiyanın, seçki hüququnun olmadığını bir daha göstərdi

Siyasət Materials 3 Aprel 2017 17:33 (UTC +04:00)
Ermənistanda 2 aprel seçkiləri hərbi xuntanın erməni seçicisinin siyasi iradəsini "zorlaması" ilə yadda qaldı.
Deputat: Ermənistandakı seçkilər ölkədə demokratiyanın, seçki hüququnun olmadığını bir daha göstərdi

Bakı. Elçin Mehdiyev – Trend:

"Ermənistanda 2 aprel seçkiləri hərbi xuntanın erməni seçicisinin siyasi iradəsini "zorlaması" ilə yadda qaldı. Bu seçkilər növbəti dəfə bu ölkədə nəinki demokratiyanın, hətta elementar seçki hüququnun belə olmadığını bir daha göstərmiş oldu".

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, işğalçı ölkədə keçirilən seçki bütün proses boyu saxtalaşdırmaya məruz qaldı. O bildirib ki, ölkədə seçicilərin sayı 2,5 milyon göstərildiyi halda, seçkidə cəmi təqribən 1,3 milyon seçicinin iştirak etdiyi bildirildi:

"Amma hamıya aydındır ki, işğalçı Ermənistanda nəinki bu qədər seçici, heç bu qədər əhali yoxdur. Saxtalaşdırmanın miqyası elə böyük ölçüdə nəzərdə tutulmuşdu ki, MSK bunun öhdəsindən tam gələ bilmədi. Çünki faktiki olaraq, bir milyon yarım əhalisi olan ölkədə iki milyon yarım seçki bülletenini saxtalaşdırmaq özü xeyli vaxt və resurslar tələb edən işdir. Ona görə də məcbur oldular ki, şişirtdikləri seçici sayını sonda bir milyon üç yüz minə endirsinlər".

H.Babaoğlu bildirib ki, Ermənistanda bu dəfəki seçki marafonunda da seçici koruselləri, səslərin alınmasından başlamış insan ölümünə qədər hər cür qanun pozuntuları müşahidə edildi:

“Hakim partiyanın namizədlərinin birinin ofisində rəqibinin cəsədi tapıldı. Aprel döyüşlərinin kölgəsində baş tutan bu seçkilərdə əvvəlcədən nəzərdə tutulmuş bölgü üzrə səslər paylanıldı: "Birincilik hərbi xunta rejiminə aid olan Respublikaçılar partiyasına, ikinci yer hakimiyyətə yaxınlığı ilə tanınan Erməni Dirçəliş partiyasına, üçüncü yer isə Daşnaksutyun partyasına verildi. Bu görünməmiş saxtakarlıq idi. Halbuki seçkidən onca ən çox elektorat Erməni Milli Konqresi və Raffi - Ohanyan bloku ətrafında cəmlənmişdi. Bunların heç birinə lazım olan yeddi faizlik baryeri keçməyə icazə vermədilər. Çünki hər iki seçki bloku Qarabağı qaytarmaq çağırışları ilə çıxış edirdilər. Məsələ ondadır ki, seçkidən öncə xaricə etdiyi səfərlərdə hərbi xunta rejiminin başçısı Sarkisyan siyasi dilənçilik edərək bəzi məsələləri müəyyən mərkəzlərlə razılaşdırmışdı. Əks təqdirdə, bu qədər cəsarətlə seçkini saxtalaşdıra bilməzdi. Ancaq erməni xalqı bu nəticəni qəbul etməyəcək və bu zorakı hakimiyyətin mövqeləri hər keçən gün bir az daha laxlayacaq”.

Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə bir çox qalmaqallı hadisələr baş verib və geniş saxtakarlıqlar müşahidə olunub. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın adı seçici siyahısında olmayıb. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti