...

Mehriban Əliyeva: Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır

Siyasət Materials 3 Aprel 2017 21:17 (UTC +04:00)
Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.
Mehriban Əliyeva: Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır

Bakı. Trend:

Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.

Trend-in məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə deyib:

"Mən çıxışımda qeyd etdim ki, bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir. Bunu biz nazirlərin çıxışlarında da eşitdik. Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur. Biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar.

Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir. Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır.

Bir daha demək istəyirəm ki, siz həmin günlərdə əsl qəhrəmanlıq göstərmisiniz. Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə, hərbi qələbə idi. Bu qələbə sayəsində torpaqlarımızın bir hissəsi azad olundu. İndi orada qəsəbələr salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi qələbə ilə yanaşı, həm də ümumxalq qələbəsidir. Çünki siz insanlara yeni bir nəfəs, yeni bir inam verdiniz. Torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Yəni, inam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Çünki ədalət bərpa olunmalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər, doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər.

Bu hadisələrdən sonra mən şəhid əsgərlərimizin anaları ilə görüşdüm. Mən bir daha o qadınların – anaların, xanımların, bacıların, ailə üzvlərinin qarşısında baş əyirəm. Çünki onlar elə övladlar böyüdüblər ki, bütün xalq onların ismini söyləyir, onlarla fəxr edir. Şəhid anaları ilə görüşlərdə mən bir daha gördüm ki, belə qadınların yalnız belə oğulları ola bilər. Çünki onlar özləri də qəhrəman anadırlar. Əlbəttə, ana üçün cavan övlad itirməkdən ağır dərd ola bilməz. Hətta o ağır məqamda da deyirdilər: mən fəxr edirəm ki, oğlum Vətən yolunda ömrünü qurban verib, şəhid olub.

Ona görə, mən bir daha demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Yenə də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız və yalnız münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar.

Əziz qardaşlar, sizə bir daha dərin minnətdarlığımı və hörmətimi çatdırıram. Nazir qeyd etdi ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edir. Bizim işçilərimiz bu məsələləri tam nəzarət altında saxlayır.

Yəqin ki, sizdə də Heydər Əliyev Fondunun fəaliyyəti haqqında yetərli informasiya var. Bir daha deyirəm ki, bizim Fondun işçiləri hər zaman sizə xidmət etməyə, sizə yardım göstərməyə hazırdır. Müxtəlif hallarda, müxtəlif vəziyyətlərdə, - həyatdır, hər şey ola bilər, - siz Fonda müraciət edə bilərsiniz. Mən sizə söz verirəm ki, hər bir müraciətə baxılacaq və imkan dairəsində çalışacağıq ki, sizə yardım edək.

Bir daha çox sağ olun. İndi mən sizi o biri zala dəvət edirəm. Mütəxəssislər orada bizə yeni, müasir protezlər haqqında məlumat verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti