...

Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə çox böyük önəm verir

Siyasət Materials 5 Aprel 2017 20:13 (UTC +04:00)
25 il ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 500 dəfə artıb.
Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındakı coğrafi üstünlüklərinə çox böyük önəm verir

Bakı. Trend:

Trend Çinin Azərbaycandakı səfiri Vey Cinhuanın Azərbaycanla Çin arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə AZƏRTAC-a müsahibəsini təqdim edir

- Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycanla Çinin qarşılıqlı münasibətlərinin keçdiyi yolu necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulduğu 25 il ərzində istər beynəlxalq arenada, istərsə də hər iki ölkədə hadisələrin müxtəlif istiqamətlərdə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycan-Çin əlaqələri həmişə sağlam məcrada inkişaf edib, həyatiliyini qoruyub saxlayıb. Siyasi sahədə Çin tərəfi daim Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, Azərbaycan xalqının bu ölkənin milli dəyərlərinə əsasən seçmiş olduğu inkişaf yoluna hörmətlə yanaşır. Azərbaycan tərəfi Çinin Tayvan, Tibet, Sintszyan-Uyğur Muxtar Rayonu ilə bağlı məsələlərdə bu ölkənin mövqeyini qətiyyətli şəkildə dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı və digər çoxtərəfli beynəlxalq çərçivədə ölkələrimiz arasında yaxın əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında yüksək səviyyəli əlaqələr bu gün də davam etdirilir, siyasi baxımdan qarşılıqlı etimad getdikcə dərinləşir. 1994-cü, 2005-ci və 2015-ci illərdə Azərbaycanın müvafiq dövrlərdəki prezidentləri Çinə səfərlər ediblər. 2000-ci ildə isə Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Li Peng Azərbaycana səfər edib.

Hazırda Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə daxil olub. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirib. 2016-cı ilin may və iyun aylarında Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycanda səfərdə olublar. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar. Altı ay ərzində iki ölkənin nümayəndələri üç dəfə səfər ediblər. Bu səfərlər ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

İqtisadiyyat sahəsində də Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon ABŞ dollarına çatıb. Dünya iqtisadiyyatının inkişaf tempinin azalmasına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Çin ilə Azərbaycan arasında ticarət həcmi 15 faiz artıb. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir. Bu, iki ölkə arasında ticari əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Çin ilə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurulub.

25 il ərzində ölkələrimiz arasında humanitar əlaqələr də inkişaf edib. Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Sizin ölkədə Çin dilinə maraq getdikcə artır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.

- Azərbaycan-Çin münasibətlərinin perspektivini necə görürsünüz?

-Hazırda Çin-Azərbaycan əlaqələri yeni tarixin başlanğıc nöqtəsindədir və ikitərəfli əlaqələrin inkişafı baxımından nadir tarixi fürsətlər mövcuddur. Bir müddət əvvəl, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Çin Xalq Respublikasının Baş naziri Li Keqiang və digər dövlət nümayəndələrindən Azərbaycan–Çin diplomatik əlaqələrinin 25-ci ildönümü münasibətilə təbrik məktubları almışıq. Təbrik məktubunda bildirilir ki, Çin Azərbaycanla əlaqələrinə çox böyük önəm verir. Çin tərəfi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini yaxşı fürsət kimi dəyərləndirərək, ölkələrimizin mövcud əməkdaşlığının dostluq bazasının daha da möhkəmləndirilməsini istəyir.

- Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış sənədlər necə reallaşdırılır?

- Prezident İlham Əliyevin Çinə dövlət səfərindən sonra ölkələrimiz arasında ikitərəfli praqmatik əməkdaşlıq hərtərəfli inkişaf etməkdədir. Gələcəkdə Azərbaycana investisiya yönəldən Çin şirkətlərinin sayı artacaq. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər zamanı imzalanan müqavilələr iki ölkənin əlaqələrinin inkişafında mühüm rol oynayır. Çin və Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Hazırda nəqliyyat, kənd təsərrüfatı, rabitə və bir çox digər sahələrdə irəliləyiş müşahidə olunur. 2016-ci il baramaçılıq sahəsində əməkdaşlığın inkişafı və Çin müəssisələri tərəfindən Azərbaycan şərabının idxalı ilə yadda qalıb. Gələcəkdə praqmatik əməkdaşlığın daha da inkişaf etməsində, böyük layihələrin həyata keçirilməsində və real nəticələrin əldə olunmasında qərarlıyıq.

- “İpək yolu iqtisadi kəməri” layihəsinin həyata keçirilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan ilk günlərdən “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılması təşəbbüsünə dəstək verib. Azərbaycan coğrafi mövqeyi baxımından "İpək yolu” layihəsi üçün çox mühüm ölkə statusundadır. 2015-ci il aprelin 4-də Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankına üzv ölkə kimi qoşulub və iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı olub. Çin tərəfi Azərbaycanın nəqliyyat infrastrukturu layihələrində irəli sürdüyü təşəbbüsü və yaxından iştirakını yüksək qiymətləndirir, həmçinin “İpək Yolu İqtisadiyyat Kəməri” layihəsi çərçivəsində Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirməkdə, İpək yolu xətti boyunca yerləşən digər ölkələrin inkişafında maraqlıdır.

- Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması gözlənilir. Bu tranzit marşrutundan istifadə edilməsinə dair Çinin hansı planları var?

- 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında nəqliyyat sahəsində bir sıra hüquqi sənədlər imzalanıb. Bu, iki ölkənin müəssisələri arasında əməkdaşlıq uçun çox gözəl imkanlar yaradıb. Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat qovşağındaki coğrafi üstünlüklərinə böyük önəm verir. Çin tərəfinin dəstəyi ilə 2017-ci ilin fevralında Azərbaycan Pekində Bak-Tbilisi-Qars dəmir yolu tranzit marşrutu layihəsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təqdimat mərasimini təşkil edib və yaxşı nəticələr də əldə olunub. Ümid edirəm ki, bu marşrut üzrə Çin–Azərbaycan və bu xətt boyunca olan digər ölkələrin iqtisadi əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək.

- İKT, kənd təsərrüfatı, turizm sahələrində Azərbaycan-Çin əməkdaşlığı nə kimi perspektivə malikdir?

- İri kənd təsərrüfatı ölkəsi kimi, əkinçilik və kənd təsərrüfatının bir çox digər sahələrində böyük təcrübəyə malik olan Çin bu sahədə Azərbaycan tərəfi ilə əlaqələr qurmaqda maraqlıdır. Azərbaycanın zəngin təbii sərvətləri, əlverişli torpaq-iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün çox əlverişlidir. İki ölkə arasında əkinçilik, istehsal, kənd təsərrüfatı məhsullarının emalı, həmçinin ipəkçilik sahəsində əməkdaşlıq üçün böyük potensial var. Azərbaycanda yüksək keyfiyyətli meyvə-tərəvəz məhsulları, şərablar istehsal olunur. Çin tərəfi Azərbaycandan bu kimi məhsulların idxalında və kənd təsərrüfatı sahəsində qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsində, iqtisadi və texnoloji əməkdaşlığı dəstəkləyir.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən önəmli ölkələrdəndir, zəngin turizm ehtiyatları var. Ölkələrimizin mədəniyyət əlaqələrinin daha da inkişaf etməsinin nəticəsi olaraq, son illər Azərbaycana səyahət edən çinli turistlərin sayı artmaqdadır.

- Azərbaycan sənayenin inkişaf etdirilməsi kursu götürüb, bütün ölkədə sənaye parkları yaradılır. Azərbaycan sənayesində Çinin iştirak planları nədən ibarətdir?

- Çin tərəfi öz müəssisələrinin Azərbaycanda yaradılan sənaye parklarında investisiya layihələrində iştirakında maraqlıdır. Sənaye parklarının yaradılması sahəsində Çinin zəngin təcrübəsi var. Azərbaycan sənayesinin inkişafı üçün ölkəmizin bu sahə ilə bağlı əlaqədar orqanları ölkənizlə sənaye parklarının inşası, təcrübə mübadiləsinin aparılmasına hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti