...

Azərbaycana gələn əcnəbilərə miqrasiya kartının verilməsi təxirə salınıb

Siyasət Materials 7 Aprel 2017 17:38 (UTC +04:00)
Miqrasiya kartının verilməsi məsələsi müvəqqəti təxirə salınıb.
Azərbaycana gələn əcnəbilərə miqrasiya kartının verilməsi təxirə salınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə onlar barədə məlumatı özündə əks etdirən və onların ölkədə müvəqqəti olma müddətlərinə nəzarət etmək imkanı verən sənəd - miqrasiya kartının verilməsi məsələsi müvəqqəti təxirə salınıb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla əlaqədar Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti müəyyən vaxt istəyib: “Məsələnin vacibliyini nəzərə alaraq Miqrasiya Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi müvəqqəti təxirə salınıb. Ancaq bu məsələyə mütləq qayıdılacaq”.

Miqrasiya Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər. Bəzi əcnəbilər üçün isə miqrasiya kartının doldurulması tələb olunmur. Həmin əcnəbilər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə gələn və ya diplomatik pasportlara malik olan şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Miqrasiya kartı əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanının əməkdaşları və ya nəqliyyat xidmətləri göstərən şirkətlərin nümayəndələri tərəfindən pulsuz verilir. Miqrasiya kartı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəyə gəldikləri nəqliyyat vasitəsində (təyyarə, gəmi, avtobus, qatar) şəxsi nəqliyyatı ilə və ya piyada gəldikdə bilavasitə dövlət sərhəd xidmətinin buraxılış məntəqəsində doldurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti