...

Nazir: Azərbaycan İtaliya üçün önəmli iqtisadi tərəfdaşdır (FOTO)

Siyasət Materials 20 Aprel 2017 15:29 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb
Nazir: Azərbaycan İtaliya üçün önəmli iqtisadi tərəfdaşdır (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Italiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsini təqdir edərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

E.Məmmədyarov Azərbaycan-İtaliya əlaqələrinin strateji xarakter daşıdığını bildirib və bunun 2014-cü ildə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də əks olunduğunu diqqətə çatdırıb.

El.Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, neft-kimya, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

K.Kalenda Azərbaycanı ölkəsi üçün önəmli iqtisadi tərəfdaş adlandırıb. O, bu ilin fevral ayında Azərbaycana səfərini xatırladıb və Azərbaycan-İtaliya biznes forumunun işini təqdir edib.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən enerji sektorunda uğurlu fəaliyyəti qeyd edilərək, bu uğurlu əməkdaşlığın qeyri-neft sektorlarında da davam etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi bildirilib.

Görüşdə Cənubi Qaz Dəhlizinin İtaliyaya əlavə qaz təchizatı nöqteyi-nəzərdən əhəmiyyəti qeyd edilib, çoxsaylı italyan şirkətlərinin bu layihənin realizasiyası çərçivəsində çoxmilyardardlıq müqavilələr əldə etməsi vurğulanıb.

Tərəflər, habelə transmilli nəqliyyat dəhlizləri və onların inkişafına töhfə verəcək layihələrin reallaşdırılması istiqamətində birgə səylər ətrafında da geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti