...

Azərbaycan XİN: "İndependent" qəzetinin “fakenews” xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur

Siyasət Materials 24 Aprel 2017 13:37 (UTC +04:00)
"İndependent" qəzetinin “fakenews” və propoqanda xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur.
Azərbaycan XİN: "İndependent" qəzetinin “fakenews” xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur

Bakı. Səba Ağayeva - Trend:

"İndependent" qəzetinin “fakenews” və propoqanda xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "İndependent" qəzetində dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, məqalənin müəllifi Robert O’Konner Azərbaycanın razılığı və icazəsi olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib:

"Bu qeyri-qanuni səfər əsnasında Robert O’Konner futbolu və idmanı siyasiləşdirərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ etməyə cəhd göstərir. Həmçinin məqalədə açıq-aşkar birtərəfli və qərəzli mövqe nümayiş etdirilir".

O əlavə edib ki, məqalənin erməni lobbi dairələrinin sifarişi əsasında hazırlandığı açıq-aydın görünür:

"Bu məqalə ilə əlaqədar cavab hüququndan istifadə edərək mövqeyimizi "İndependent" qəzetinin redaktoruna 20 aprel 2017-ci il tarixində göndərsək də, hələ də dərc edilməyib. Bu cür davranış jurnalist etikasına və obyektivliyinə ziddir. Buna baxmayaraq, məqalənin şərhlər bölməsində fərdi qayda da olsa belə, mövqeyimiz yerləşdirilib".

XİN rəsmisi vurğulayıb ki, FIFA və UEFA öz fəaliyyətlərində beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşırlar. Azərbaycanın işğal olunmuş ərazilərini təmsil edən legitim və qanuni klub "Qarabağ" futbol klubudur.

H.Hacıyev deyib ki, "İndependent" qəzetinin “fakenews” və propoqanda xarakterli bu kimi sifarişli yazıya məkan verməsi ciddi təəssüf doğurur: "Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Robert O’Konnerin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti