...

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranmasının 7-ci ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 25 Aprel 2017 15:18 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) yaranmasının 7-ci ildönümünü qeyd edib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranmasının 7-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) yaranmasının 7-ci ildönümünü qeyd edib.

Birlikdən Trend-ə verilən məlumata görə, Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzə yaxın azərbaycanlı gəncin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları və Ukraynanın bir çox gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Qurumun 7 illik fəaliyyəti haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva Ukraynada xalqımızın qədim və zəngin mədəniyyətinin layiqincə təbliğ olunması, Azərbaycan həqiqətlərinin, xüsusən də ermənilərin son 2 əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin həyata keçirtdiyi çoxsaylı tədbirlərdən söz açıb. Qeyd edib ki, hazırda UAGB-nin Ukraynanın 19 vilayətində regional təşkilatları fəaliyyət göstərir. On mindən çox azərbaycanlı gənci ətrafında birləşdirən qurum indiyədək tarixi vətənimiz naminə yüzlərlə sosial-mədəni layihəyə imza atıb.

Tədbirdə Azərbaycanın Ukraynandakı səfiri Azər Xudiyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər tarixi vətənimizdə, istərsə də xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Ukraynada ölkəmizi layiqincə təmsil etdiklərinə görə gənclərə minnətdarlığını bildirən səfir onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.

UAGB ilə Azərbaycan diasporunun birgə həyata keçirdiyi səmərəli tədbirlərdən söz açan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada kreativ tədbirləri ilə böyük nüfuz qazanmış azərbaycanlı gənclərin milli diasporumuza inteqrasiya olunmasının vacibliyindən danışıb.

Tədbirdə çıxış edən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, xalq artisti Qurban Abbasov, Kiyev Milli Linqvistik Universitetinin beynəlxalq əlaqələr üzrə rəhbəri İnna Valeryevna, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Aleksandr Kalenik və digər qonaqlar Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynanın ictimai-mədəni həyatında aktiv iştirak etmələrindən söz açıblar. Fəaliyyət göstərdikləri 7 il müddətində bir çox uğurlara imza atmış gənclərimizə xoş və səmimi arzularını çatdırıblar.

Tədbir konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti