...

Səfir: Azərbaycan-Pakistan arasında bütün sahələrdə əməkdaşlıq gücləndiriləcək

Siyasət Materials 5 May 2017 11:06 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb.
Səfir: Azərbaycan-Pakistan arasında bütün sahələrdə əməkdaşlıq gücləndiriləcək

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, onu yeni təyinatı, eyni zamanda Pakistanın ilk xanım xarici işlər katibi olması münasibətilə təbrik edən səfir, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib.

Diplomat ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. O, Azərbaycan Prezidentinin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlar arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhvə verdiyini bildirən səfir, Pakistanla bütün sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığın, iqtisadi, ticari, hərbi-texniki əlaqələrin inkişafı üçün səylərin daha da artırıldığını, mədəni əlaqələrin gücləndirilməsi və xalqlar arasında münasibətlərin daha da istiləşməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.

T.Janjua Azərbaycan-Pakistan münasibətlərinin inkişafında və yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin və xalqlarının önəmli rolunun olduğunu qeyd edib, bu istiqamətdə qarşılıqlı səylərin artırılacağını bildirib. Dağlıq Qarabağ məsələsinin tək Azərbaycanın məsələsi deyil, eyni zamanda Pakistanın da məsələsi olduğunu, bu məsələdə Pakistanın prinsipial mövqeyinin, Azərbaycana dəstəyinin hər kəsə bəlli olduğunu diqqətə çatdırıb. Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da inkişafına önəm verdiklərini bildirən T.Janjua bu il Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümünün qeyd olunacağını, hər iki ölkənin xarici işlər nazirlikləri arasında bundan sonra da səmərəli əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam edəcəyini vurğulayıb.

Səfir Ə.Əlizadə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın daim yanında olmasının, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti