...

Baş direktor: Azərbaycan YUNESKO-nun prinsiplərinə sadiqdir

Siyasət Materials 6 May 2017 14:34 (UTC +04:00)
Azərbaycan və YUNESKO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.
Baş direktor: Azərbaycan YUNESKO-nun prinsiplərinə sadiqdir

Bakı. Trend:

Azərbaycan və YUNESKO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda fəxri qonaq statusunda YUNESKO-nun Baş direktoru İrina Bokova iştirak edib.

Xarici işlər naziri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası giriş sözü ilə açaraq 25 il ərzində Azərbaycanın YUNESKO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd edib. Nazir Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan – YUNESKO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin YUNESKO-nun Ümumdünya irs siyahısına, səkkiz nominasiyasının YUNESKO-nun qeyri-maddi irs siyahısına və bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barəsində məlumat verib.

E.Məmmədyarov Azərbaycanın YUNESKO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə YUNESKO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın YUNESKO-nun donorlarından biri olduğunu qeyd edərək 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin YUNESKO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırıb.

Nazir YUNESKO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonra sözü YUNESKO-nun Baş direktoru İrina Bokovaya verib. İrina Bokova YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvlərini salamlayıb və 25 il ərzində Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Azərbaycan və YUNESKO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib. O, ölkəmizin YUNESKO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

İrina Bokova Bakıda keçirilən və YUNESKO-nun da tərəfdaşı olduğu 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğulayıb.

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti