...

XİN: Pakistanın həyata keçirdiyi iri layihələrə Azərbaycanın qoşulması faydalı olacaq (FOTO)

Siyasət Materials 12 May 2017 12:31 (UTC +04:00)
Pakistanla Azərbaycan arasında münasibətlərin genişləndirilməsində regional bağlantı və iqtisadi əməkdaşlıq mühüm faktordur.
XİN: Pakistanın həyata keçirdiyi iri layihələrə Azərbaycanın qoşulması faydalı olacaq (FOTO)

Bakı. Trend:

Pakistan Xarici İşlər Nazirliyinin İslamabad Strateji Tədqiqatlar İnstitutunda Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibəti ilə “Pakistanın Mərkəzi Asiya respublikaları və Azərbaycan ilə əlaqələri: Perspektivlər və Çağırışlar” adlı seminar keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Seminarda ali qonaq qismində Pakistanın xarici İşlər katibi xanım Təhminə Janjua, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Pakistandakı səfirləri, diplomatlar, mütəxəssislər, ictimaiyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbirdə çıxış edən Pakistanın Xarici İşlər katibi xanım T.Janjua Pakistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini, münasibətlərin dərin mədəni və tarixi köklərə bağlı olduğunu qeyd edib, Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibəti ilə seminar iştirakçılarını təbrik edib. O, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin vacib rol oynadığını, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderlərinin 1 mart 2017-ci ildə İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə təşrif buyurmalarından olduqca məmnun olduqlarını diqqətə çatdırıb.

Xarici İşlər katibi Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin genişləndirilməsində regional bağlantı və iqtisadi əməkdaşlığın mühüm faktor olduğunu ifadə edib, bu istiqamətdə araşdırma və təşəbbüslərin davam etdirildiyini deyib. O, Pakistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrində fərqli dil, mürəkkəb viza rejimi və birbaşa rabitənin olmaması kimi amillərin inkişafa maneə təşkil etdiyini qeyd edib, Çin-Pakistan İqtisadi dəhlizi (CPEC) çərçivəsində Pakistanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələrinə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qoşulmasının hər kəs üçün faydalı olacağını vurğulayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında Azərbaycan-Pakistan əlaqələrinin sınaqdan keçmiş möhkəm əsaslar üzərində inşa edildiyini, dostluq və qardaşlıq tellərinə bağlı olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu, Azərbaycanın müstəqilliyinin çətin vaxtlarında, Azərbaycanın erməni terrorizmi və müharibə ilə üzləşdiyi zamanda Pakistanın Azərbaycana öz dəstəyini göstərdiyini və bunun unuldulmadığını bildirib. Səfir Pakistanın daim Ermənistanın işğalçılıq siyasətini qınadığını və bugünədək Ermənistanı bir dövlət kimi tanımadığını bildirib, buna görə Pakistan dövlətinə və xalqına təşəkkür edib. Azərbaycanın da hər zaman qardaş Pakistana öz dəstəyini göstərdiyini ifadə edən səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın Pakistanla əlaqələrinin möhkəm əsasının qoyulduğunu, bu əlaqələrin hal-hazırda ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini, müəyyən zaman çərçivəsində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını diqqətə çatdırıb.

Səfir həmçinin, Pakistanla iqtisadi, mədəni, turizm və müdafiə sənayesi sahəsində əlaqələrin daha da inkişafının prioritet istiqamətlərdən olduğunu, hər iki ölkədə həyata keçirilən nəhəngən iqtisadi layihələrdən yararlanma imkanlarının çox olduğunu vurğulayıb. Cari ilin yanvar ayından başlayaraq “ASAN viza” elektron viza sisteminin tətbiqi ilə bağlı məlumat verən səfir Əli Əlizadə pakistanlı iş adamlarının və turistlərin Azərbaycana səfərinin xeyli sadələşdirildiyini qeyd edib, həyata keçirilən işlər nəticəsində turizm və ikitərəfli mədəni, iqtisadi münasibətlərin daha da dərinləşəcəyinə əminliyini çatdırıb. Səfir Azərbaycanın Pakistanı hər zaman güclü, stabil, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini bildirib, diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıraraq Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin əbədi olacağına əminliyini ifadə edib.

Daha sonra Mərkəzi Asiya ölkələrinin Pakistandakı səfirləri, İslamabad Strateji Tədqiqatlar İnstitutunun, Sülh və Diplomatik Araşdırmalar İnstitutunun və Pişəvər Universitetinin məsul şəxsləri çıxış edərək Pakistanla Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrə dair fikir və mülahizələrini bölüşüblər. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və Pakistan televiziyalarında, eləcə də digər kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti