...

Litvanın Trakay və Qazax rayonları arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Siyasət Materials 16 May 2017 10:40 (UTC +04:00)
Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Litvanın Trakay və Qazax rayonları arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, mayın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov və Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyev Litvanın Trakay rayon Bələdiyyəsində olublar.

Trakay rayon Bələdiyyəsinin və şəhər sovetinin üzvləri ilə keçirilmiş görüşdə rayonun meri Edita Rudeliene çıxış edərək aərbaycanlı qonaqları Trakay rayon meriyasında gördüyündən məmnunluq ifadə edib və 2 il öncə Litva Bələdiyyələri Assosiasiyası ilə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası arasında başlanmış əməkdaşlığın nəticəsi olaraq, Trakay və Qazax rayonları arasında əməkdaşlıq haqqında saziş imzalanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mer bir il əvvəl Litva Bələdiyyələri Assosiasiyasının tərkibində Azərbaycanda səfər etdiyini bildirərək, Azərbaycanın çox gözəl ölkə olduğunu və ölkəmizdən böyük təəssüratlarla qayıtdığını vurğulayıb.

H.Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, Trakay rayon merinə səmimi qəbula görə təşəkkürlərini bildirib. Qazax və Trakay rayonlarının qədim tarixə malik olduğunu qeyd edən səfir iki şəhər arasında əlaqələrin inkişaf edəcəyinə əmin olduğunu söyləyib və səfirlik tərəfindən bu əməkdaşlığın daha da dərinləşməsi üçün səylərin əsirgənməyəcəyini diqqətə çatdırıb.

Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzvü Yonas Liyesis çıxış edərək, Trakay rayonu ilə Qazax rayonu arasında əməkdaşlığın təməlinin qoyulduğunu qeyd edib və əməkdaşlığın bütün sahələr üzrə inkişaf etməsini arzulayıb. Uzaq bir diyarın, rayonun artıq Trakaya yaxın olduğunu vurğulayan millət vəkili bu əlaqələrin nəticəsində hər iki millətin bir-birilərinin adət-ənənələri ilə yaxından tanış olmaları üçün imkanların yarandığını bildirib.

K.Nəbizadə çıxışında il ərzində aparılmış işlərin nəticəsi olaraq bu gün Trakay rayon Bələdiyyəsinin binasında iki rayon arasında saziş imzalanacağını qeyd etmiş və regionlararası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin daha inkişaf etməsində tövhə verəcəyinə əmin olduğunu vurğulayıb. R.Babaşov çıxışında Azərbaycan ilə Litva arasında olan dostluq münasibətlərinin nəticəsi olaraq, iki rayon arasında saziş imzalanacağını bildirib. O, Qazax rayonunun tarixi, mədəni həyatı barədə geniş məlumat verərək Qazax rayonunun dahi sairlər və yazıçılar məkanı olduğunu diqqətə çatdırıb.

Trakay rayonu haqqında təqdimat nümayiş edildikdən sonra Qazax rayonu və Trakay rayonu arasında əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi keçirilib. Sənədi Qazax Rayon İcra Hakimiyyətinin başçısı R.Babaşov və Trakay rayonunun meri E.Rudeliene imzalayıb. Sazişə əsasən, hər iki tərəf mədəniyyət, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacaqlar. Sonda qonaqlar Trakay rayonunda fəaliyyət göstərən turizm obyektləri ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti