...

Bəhruz Quliyev: Məlum qərar Rusiya məhkəmələrinə sızmış erməni lobbisinin təzahürünə çevrilib

Siyasət Materials 16 May 2017 18:13 (UTC +04:00)
Rusiya Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı verdiyi məlum qərar həm anlaşılan deyil, həm də təəssüf doğurur.
Bəhruz Quliyev: Məlum qərar Rusiya məhkəmələrinə sızmış erməni lobbisinin təzahürünə çevrilib

Bakı. Trend:

Rusiya Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı verdiyi məlum qərar həm anlaşılan deyil, həm də təəssüf doğurur.

Bu fikirləri Trend-ə siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, anlaşılan deyil, ona görə ki, Azərbaycan və Rusiya arasında mövcud dostluq münasibətləri, eləcə də dövlətlər arasındakı səmimi münasibətlər fonunda verilmiş bu qərar Azərbaycanı Rusiya ilə düşmən etməyə cəhd göstərən qüvvələrin qərarı kimi məhkəmədə ifadə olunub:

“Yəni məhkəmə Azərbaycanı sevməyən qüvvələrin fikrini ifadə edərək, ermənipərəstlərin aləti rolunu oynayıb. Ümumiyyətlə, son dövrlərdə dünya səviyyəsində baş verən kataklizmlərdə Rusiyaya qarşı olan sanksiyalarda, Rusiyaya qarşı olan müxtəlif dövlətlərin münasibətlərində Azərbaycan loyal dövlət kimi özünü göstərdi. Ölkəmiz Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı yönəldilmiş sanksiyalara qoşulmadı. Ümumilikdə Azərbaycan bu kimi addımlarını əməli şəkildə nümayiş etdirdi. Amma təəssüflər olsun ki, Rusiya bütün bu kimi mühüm faktorları nəzərə almayıb belə bir qərarın verilməsinə tərəf çıxdı, Azərbaycanı istəməyən qüvvələrin fikirlərini məhkəmə vasitəsilə ifadə etmiş oldu. Mən bir sual vermək istəyirəm: niyə məhz Rusiyada fəaliyyət göstərən milli azlıqların, bəzi millətlərin təmsil olunduqları diaspor təşkilatlarının, konqres və ittifaqların fəaliyyətlərinə şərait yaradılır, hətta bəzi məqamlarda onların fəaliyyətləri dəstəklənir, ancaq Azərbaycanın adı gələndə, Ümumrusiya Azərbaycan Konqresinin adı gələndə tamamilə əks mövqe sərgilənir, ögey, qərəzli münasibət göstərilir?"

B.Quliyevin sözlərinə görə, məhz bunun kökündə aydın olaraq görünür ki, yanlışlıq var:

“Yəni mən təsəvvür etmirəm ki, bu qərar dövlətin qarşısına qoyduğu bir siyasət olsun. Bu baxımdan, əminəm ki, verilən qərar Rusiya dövlətinin mövqeyi ola bilməz. Sadəcə olaraq baş verən olay müəyyən qrupların maraqlarına xidmət edən məhkəmə predmeti idi. Yəni məlum qərar Rusiya məhkəmələrinə sızmış erməni lobbisinin bir təzahürünə çevrilib”.

Siyasi ekspert əlavə edib ki, hələ apellyasiya şansı qalır və bir ay müddətinə çıxarılmış qərar dəyişdirilə bilər:

“Çünki həmin qərara daha yüksək məhkəmə instansiyalarda baxılacaq və ümidvaram ki, bu qərar qüvvəsində saxlanılmayacaq. Əgər qüvvəsində saxlanılarsa, bunun yaxşı hallar vəd etmədiyini proqnozlaşdırmaq mümkündür. Ona görə ki, Azərbaycanda da rus icmaları fəaliyyət göstərir, hətta rus icma nümayəndələri müxtəlif ictimai-siyasi işlərdə irəli çəkilirlər, dövlət tərəfindən onlara davamlı dəstək göstərilir, parlamentdə də təmsil olunurlar. Yəni bu o deməkdir ki, əgər həmin qərar qüvvəsində saxlanılarsa, Rusiyanın dövlət rəhbərliyi tərəfindən dəstəklənərsə, rəsmi Moskvanın qərarına çevrilərsə, bizə də məlum olsa ki, bu, Rusiya dövlətinin siyasətidir, hesab edirəm ki, Azərbaycan da öz növbəsində bu qərarla əlaqədar müvafiq addımlar atacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti