...

Siyavuş Novruzov: Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi

Siyasət Materials 23 May 2017 08:00 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi.
Siyavuş Novruzov: Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil etdi ki, bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər:

"Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların neçə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəylik ilə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu Oyunlarda iştirak etdi. İndiyə qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi".

Deputat vurğulayıb ki, böyük dövlətlərin yüzilliklər boyü keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır:

"Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir".

S.Novruzov vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək:

"Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir".

Deputat İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri səhnələşdirilmiş formada nümayiş etdirildi.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti