...

Oqtay Əsədov: Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir

Siyasət Materials 23 May 2017 12:56 (UTC +04:00)
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizliyi və sabitliyi pozmaqdadır. Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur.
Oqtay Əsədov: Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir

Bakı. Elçin Mehdiyev - Trend:

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizliyi və sabitliyi pozmaqdadır. Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin İstanbul şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısında çıxışı zaman deyib.

O.Əsədov bildirib ki, Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə tabe olmaqdan boyun qaçırır:

“Şübhə yoxdur ki, Azərbaycan beynəlxalq hüququn normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bütünlüklə bərpa edəcək”.

Milli Məclisin sədri bildirib ki, QDİƏT müstəsna olaraq Qara dəniz regionunun vahid iqtisadi zona kimi formalaşmasına həsr edilən təşkilatdır:

“Regional əməkdaşlığın uğuru üzv dövlətlərin təşkilat qarşısında məsuliyyət səviyyəsindən asılıdır. Beynəlxalq hüququn aliliyi bölgədə iqtisadi dirçəlişə gətirib çıxara biləcək regional iqtisadi əməkdaşlığın zəruri şərtidir. Azərbaycanın regional əməkdaşlıq strategiyası bu yanaşmanın parlaq ifadəsidir”.

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq iqtisadi layihələr barədə geniş məlumat verən O.Əsədov bildirib ki, Azərbaycan daha geniş bölgə üçün enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaşa çevrilib: “Biz boru kəməri infrastrukturunun şaxələndirilməsinə başladıq, Xəzər, Qara və Aralıq dənizlərini birləşdirdik. Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsl əməkdaşlıq ruhunun rəmzləridir. Bundan başqa, biz “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəməri, Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Qaz Kəmərindən (TAP) ibarət strateji Cənub Qaz Dəhlizinə artıq rəvac vermişik. “Şahdəniz” yatağından qazın Avropa ölkələrinə çatdırılmasına 2020-ci ilədək nail olmağı planlaşdırırıq”.

Milli Məclisin sədri vurğulayıb ki, bu il Azərbaycan, Gürcüstan və Türkiyə daha bir həlledici regional layihə – Çinlə Avropanı daha da yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işi başa çatdırır: “2016-cı ildə biz Çindən başlayaraq Mərkəzi Asiya və Xəzər dənizindən keçib Azərbaycana və Gürcüstana, oradan da Avropaya gedən ilk konteyner qatarını yola saldıq. Aparılan bu sınaqla sübut edildi ki, həmin marşrut tranzit müddətini 30-35 gündən 15 günə qədər azalda bilər. Şimal-Cənub dəhlizi Azərbaycanın nadir coğrafi mövqeyindən istifadə etməklə Rusiya ilə Hindistanı birləşdirir. Bu layihə Qara dəniz regionunun dəmir yolu şəbəkəsini İran ilə birləşdirəcək. Biz ümid edirik ki, çox yaxın gələcəkdə bu dəhliz daha geniş bölgədə ticarətə yeni təkan verəcək”.

Azərbaycan parlamentinin sədri vurğulayıb ki, bizim başladığımız çoxtərəfli layihələr regionda sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və tərəqqinin təşviqində, eləcə də iştirakçı ölkələr arasında qarşılıqlı anlaşmanın təmin edilməsində mühüm rol oynayıb.

O.Əsədov deyib ki, Qara dəniz bölgəsinin firavan gələcəyinə böyük inam bəsləyən Azərbaycan hesab edir ki, bu gələcək yalnız mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər: “Azərbaycan bu dəyərləri təşviq etmək istiqamətində böyük səylər göstərir. Məhz Azərbaycanın səyləri ilə 2008-ci ildə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası bir araya gətirilib. 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub, hər il humanitar və mədəniyyətlərarası dialoq forumları keçirilir. Bundan başqa, 2016-cı ildə Roma Katolik Kilsəsinin başçısı Papa Fransisk Bakıda səfərdə olub. Azərbaycanda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu keçirilib. Biz bütün dünyaya mesaj olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Bütün bunlar dünya ictimaiyyətinə dostluq, bərabərlik, tərəqqi, inkişaf və rifah içində yaşamaq töhfəsidir. Bunlar göstərir ki, Azərbaycan xoşniyyətli və səmimi olan hər bir tərəfdaşla hüquq bərabərliyi və qarşılıqlı fayda əsasında əməkdaşlıq etmək üçün açıqdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim yanaşmamız budur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti