...

Prezident İlham Əliyev: Donald Trampın ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə etməsini Azərbaycanda yüksək qiymətləndiririk

Siyasət Materials 26 May 2017 17:45 (UTC +04:00)
ABŞ tərəfindən müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür.
Prezident İlham Əliyev: Donald Trampın ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə etməsini Azərbaycanda yüksək qiymətləndiririk

Bakı. Trend:

ABŞ tərəfindən müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 26-da "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak etmişdir. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir".

İlham Əliyev ümid etdiyini bildirib ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək:

"Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti