...

Tramp: "Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirirəm" (YENİLƏNİB 3)

Siyasət Materials 31 May 2017 10:43 (UTC +04:00)
"Mən ABŞ və Azərbaycanın son 25 il ərzində qurduğu tərəfdaşlığı qiymətləndirirəm və bu tərəfdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyirəm".
Tramp: "Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirirəm" (YENİLƏNİB 3)

Bakı. Azad Həsənli - Trend:

ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirdiyini qeyd edib.

Trend-in məlumatına görə, D.Tramp bildirib: "Mən ABŞ və Azərbaycanın son 25 il ərzində qurduğu tərəfdaşlığı qiymətləndirirəm və bu tərəfdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyirəm".

ABŞ Prezidenti Azərbaycan Prezidenti və xalqına Bakıda keçirilən illik sərgi və konfrans münasibətilə ən xoş arzularını çatdırıb.

Tramp qeyd edib ki, ABŞ əvvəlki kimi Cənub Qaz Dəhlizini dəstəkləyir və bu layihənin icrası üzrə Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır.

ABŞ prezidenti bildirib: “Qlobal enerji təhlükəsizliyində, eləcə də Xəzər regionunun enerji resurslarının inkişaf etdirilməsi və ixrac edilməsində Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirirəm”.

O həmçinin qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası üzrə Azərbaycanın səylərini dəstəkləyir və alqışlayır və yeni sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tram bildirib: “Siz iqtisadi və hökumət islahatlarını davam etdirdiyiniz müddətdə ABŞ Sizinlə işləməyə hazırdır”.

Prezident həmçinin qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu prosesi çərçivəsində həlli məsələsinə sadiqdir və bu münaqişənin həlli regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək: "Amerikalılar ümid edir ki, Azərbaycanda inkişaf və sabitlik daha da artacaq. Bu konfrans və "Cənub Qaz Dəhlizi" bu məqsədlərə nail olmaq üçün çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti