...

Əli Əhmədov: Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır (YENİLƏNİB)

Siyasət Materials 9 İyun 2017 11:29 (UTC +04:00)
Qadınlar ölkəmizin həyatında mühüm rol oynayır.
Əli Əhmədov: Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

“Qadınlar ölkəmizin həyatında mühüm rol oynayır. Ancaq qadınların rolu daha da artırılmalıdır. Azərbaycanda gender məsələlərinə həssasıqla yanaşılır”.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və inkişaf” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələrində deyib.

Ə.Əhmədov vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafı üçün qadınların potensialından istifadə imkanı yaradır:

“Nə qədər qadınların potensialından ictimai işlərdə, iqtisadiyyat və digər sahələrdə istifadə edilir, cəmiyyət o qədər sürətlə inkişaf edir".

Baş nazirin müavini vurğulayıb ki, beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70, qadınların 46 faizi ictimai fəaliyyətə cəlb edilib:

“Ancaq dünyada bütövlükdə görülən işlərin 2/3-ni qadınlar yerinə yetirirlər. Bura ev təsərrüfatı da daxildir”.

Ə.Əhmədov vurğulayıb ki, qadınlar görülən işlərin 2/3-ni yerinə yetirməsinə baxmayaraq, yaradılan dəyərlərin yalnız 10 faizi qadınlara çatır:

"Dünyada təhsil almaqdan məhrum olanların 2/3-i də qadınlardır. BMT-nin hesablamalarına görə, dünyada hər dəqiqə doğuş zamanı 1 qadın, il ərzində 500 minə qədər qadın həyatını itirir".

Ə.Əhmədov qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inkişafında mühüm rol oynadağını vurğulayıb:

"Bu mənada gender məsələsində Yaponiyanın təcrübəsinin öyrənilməsinin tərəfdarı deyiləm, ümumən qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığı modellərin bəyənilməsinin tərəfdarıyam".

Baş nazirin müavini vurğulayıb ki, təhsil, səhiyyə sahəsində qadınların iştirakı kişilərdən xeyli üstündür:

“Bu sahədə çalışanların təxminən 70 faizindən çoxu qadınlardır. Bu, Azərbaycan qadınlarının savadlı olmasını aydın göstərir. Bələdiyyələrdə qadınlar təxminən 30 faizdən artıq təmsil olunurlar. Digər sahələrdə də qadınlar aktivlik göstərir”.

Ə.Əhmədov vurğulayıb ki, qadınların ictimai həyatda fəallığını artırmaq üçün onların ailə yükü azalmalıdır:

“Qadınların ailəyə, uşağa, ailə təsərrüfatına sərf etdiyi əmək və vaxt azalmalıdır ki, onlar vaxtlarının çoxunu ictimai fəaliyyətə sərf edə bilsinlər. Bizim hökumətimizin seçdiyi yol bundan ibarədir ki, qadının rolu bütün sahələrdə, o cümədən siyasi, iqtisadi sahələrdə, qərarların qəbul olunması prosesində rolu artmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti