...

Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı Kuba radiosunda veriliş yayımlanıb (FOTO)

Siyasət Materials 13 İyun 2017 09:41 (UTC +04:00)
Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı Kuba radiosunda veriliş yayımlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Kubanın “Habana Radio” 106.9 FM kanalının dəvəti ilə canlı yayımlanan “Yaşadığımız dünya” radio verilişində iştirak edib.

Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, veriliş zamanı qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar aparıcıların suallarını cavablandıran C.Salehov XX əsrdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ən yaxın tarixindən danışıb, 1991-1992-ci illərdə ölkəmizin məruz qaldığı ictimai-siyasi proseslər və sözügedən dövrdə yaranmış ağır böhran vəziyyətindən bəhs edib. Eyni zamanda, qeyd edilən dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin həyata keçirildiyi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılıb.

C.Salehov müstəqilliyinin ilk illərində dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmış Azərbaycan xalqının belə bir ağır dövrdə ölkəni bu faciəvi böhrandan xilas etmək üçün təkidlə Ümummilli Lider Heydər Əliyevi respublikada hakimiyyəti öz əlinə almağa çağırdığını qeyd edib. Bildirilib ki, xalqımızın davamlı tələbi, habelə sözügedən dövrdə mövcud hökumət və parlament üzvlərinin israrlı xahişi ilə 1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib. Eyni gündə ölkənin böhran vəziyyətindən çıxarılması və müəyyən edilmiş yeni iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində ilk tədbirlərin həyata keçirildiyi Heydər Əliyev tərəfindən bəyan edilib.

Vurğulanıb ki, 1993-cü ilin 15 iyun günü müasir Azərbaycanın tarixində inkişaf dövrünün başlanğıc nöqtəsi olub. Bu baxımdan, Milli Qurtuluş Gününün ən böyük tarixi əhəmiyyəti məhz böyük dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti və fədakar fəaliyyəti sayəsində Azərbaycanın dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas olması və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsindən ibarət olub. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası və siyasi-iqtisadi kurs ölkəmizin bütün sahələrdə gələcək inkişafını təmin edib.

Müsahibə zamanı aparıcı Arsenio Rodriqez qeyd edib ki, həqiqətən də, müstəqil Azərbaycanda çox böyük dəyişikliklərin baş verdiyinə şahid oluruq, o cümlədən hal-hazırda bu ölkə iri miqyaslı beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. O, belə bir qısa müddətdə bu nailliyyətlərin əldə edilməsinin xüsusi maraq doğurduğunu vurğulayıb.

Bu xüsusda Azərbaycanın iqtisadi inkişaf istiqamətləri və prioritetləri barədə məlumat verən C.Salehov bildirib ki, hal-hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olaraq, sözün əsl mənasında müstəqil daxili və xarici siyasət yürüdən, dünya birliyinin tam və bərabər hüquqlu, beynəlxalq aləmdə güclü mövqelərə malik olan demokratik və nüfuzlu dövlətə çevrilib. Qeyd edilib ki, bu faktlar öz növbəsində Azərbaycanın Milli Qurtuluş gününün tarixi mahiyyətindən xəbər verir.

Veriliş zamanı digər aparıcı Enrike Roman misal olaraq “Əli və Nino” filmindən söz açaraq, Azərbaycanda tarixən digər xalqlara, o cümlədən müxtəlif dinlərin nümayənədələrinə olan münasibətin heyrətamiz olduğunu söyləyib. C.Salehov “Əli və Nino” filmi haqda ətraflı məlumat verib və Azərbaycan xalqına məxsus qədim tolerantlıq ənənələrindən bəhs edib.

Daha sonra aparıcıların suallarına cavab olaraq, C.Salehov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin mövcud durumu və səfirliyimiz tərəfindən həyata keçirilən müxtəlif siyasi-mədəni tədbirlərdən bəhs edib. Ölkələrimiz arasında tarixən uğurlu siyasi əməkdaşlığın mövcud olduğu qeyd edilib, mədəniyyət və idman sahələri ilə yanaşı, iqtisadi-ticarət əlaqələrinin də genişləndirilməsinin vacibliyi vurğulanıb.

Radio verilişi ərzində Şövkət Ələkbərova (“Cənnətim Qarabağ”), Rübabə Muradova (“Heydər Babaya salam”) və gənc xanəndə Ayşən Mehdiyevanın ifasında (“Gözəl Vətən”) Azərbaycanın bəstəkar mahnılarından ibarət musiqi parçaları səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti