...

Azərbaycan ilə Bosniya və Herseqovina arasında enerji sahəsində əməkdaşlıq səmərəli nəticələr verəcək – Şefik Caferoviç

Siyasət Materials 16 Aprel 2023 20:53 (UTC +04:00)
Azərbaycan ilə Bosniya və Herseqovina arasında enerji sahəsində əməkdaşlıq səmərəli nəticələr verəcək – Şefik Caferoviç
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Bosniya və Herseqovina arasında enerji sahəsində əməkdaşlıq səmərəli nəticələr verəcək.

Bu barədə Trend-ə Bosniya və Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviç deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri, strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması əməkdaşlığa və ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə güclü sadiqliyin bariz nümunəsidir.

S.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina ilə Azərbaycan diplomatik münasibətlər qurulandan dost, qardaş ölkələr kimi tanınıb və ötən dövr ərzində bu əlaqələr daha da yüksək səviyyəyə qaldırılıb:

"Arzu edirəm ki, bu tendensiya xalqlarımızın rifahı naminə davam etsin. Balkanlar və Qafqaz çox oxşar regionlardır, Bosniya və Herseqovina və Azərbaycan isə bir-birini yaxşı başa düşə bilən oxşar ölkələrdir. Eyni zamanda bir-birimizə təklif edə bildiklərimiz var. Prezident İlham Əliyevin səfəri zamanı iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Birgə iqtisadi komissiyanın, eləcə də müxtəlif sektorlar üzrə işçi qrupların yaradılması barədə razılıq əldə olunub. Bosniya və Herseqovinanın sənaye istehsalının inkişafı təcrübəsi var, turizm inkişaf edir, kənd təsərrüfatının və nəqliyyat infrastrukturunun inkişafı üçün böyük imkanlar var".

O qeyd edib ki, Bosniya və Herseqovina vahid Avropa bazarına yaxındır.

"Həmçinin, coğrafi mövqeyimizlə yanaşı, həm də Avropa İttifaqına üzvlüyə namizəd statusuna malik ölkə kimi xüsusi siyasi mövqeyimiz var. Azərbaycan enerji resurslarından ağıllı istifadə etməklə böyük iqtisadi inkişafa nail olan bir ölkədir. Prezident İlham Əliyevin səfəri zamanı qeyd olunduğu kimi, qarşıdakı dövrdə ticarət dövriyyəmizin artacağı gözlənilir. Təcrübə göstərir ki, yaxşı siyasi əlaqələr iqtisadi əməkdaşlığa da zəmin yaradır. Bu kontekstdə ticarət palatalarının müstəsna potensialı var. Bosniya və Herseqovina Ticarət Palatası ilə Azərbaycanın Ticarət və Sənaye Palatası arasında daha sıx əməkdaşlıq üçün zəmin yaradılması çox vacibdir", - deyə Bosniya və Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü bildirib.

Ş.Caferoviç əlavə edib ki, Avropada və dünyada yeni reallıqlar fonunda enerji təhlükəsizliyi, xüsusilə təchizatın şaxələndirilməsi daha da böyük əhəmiyyə kəsb etməyə başlayır:

"Bosniya və Herseqovinanın bərpa olunan enerji mənbələri sahəsində, xüsusən də hidroenergetika sahəsində böyük potensialı var ki, bu da iqtisadiyyatımızın inkişafı üçün böyük imkandır. Azərbaycan enerji sahəsində son dərəcə vacib tərəfdaşdır, və hesab edirəm ki, bu cür layihələr üzrə əməkdaşlıq, birgə tədqiqatlar son dərəcə səmərəli ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti