...

"PARLAMENT-2005" HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU 18 İYUN AKSİYASINI TƏHLİL EDİB

Siyasət Materials 20 İyun 2005 14:54 (UTC +04:00)

"Parlament-2005" Hüquqşünasların Seçki Bloku Monitorinq Qrupunun üzvləri 18 iyunda "Azadlıq" seçki blokunun yürüş-mitinqinin monitorinqini aparıb. Bu barədə Trend ə Hüquqşünasların Seçki Blokundan məlumat verilib. Hüquqşünaslar əvvəlcə bu qənaətə gəliblər ki, "Azadlıq" seçki blokunun xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyətinin öz razılıq məktubunu gecikdirib, bununla da "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununun 10-cu maddəsinin tələbini pozub.

"Azadlıq" seçki blokunun təşkil etdiyi yürüş-mitinqlə əlaqədar digər qanun pozuntuları da aşkar edilib. Monitorinq Qrupu bu qənatətə gəlib ki, yürüş-mitinq zamanı Mətbuat prospekti ilə Şərifzadə prospektini birləşdirən yollar, Tbilisi prospekti ilə Qələbə meydanını birləşdirən yol, habelə Kiyev prospektindən "Qələbə" kinoteatrına (Dövlət Film Fonduna) gedən yollar mitinqə 2 saat qalmış əsassız olaraq polis tərəfindən bağlanıb və həmin ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti məhdudlaşdırılıb.

Həmçinin yürüş-mitinqin başlanması ərəfəsində ümumilikdə 1000 nəfərdən artıq polis əməkdaşı toplantının keçiriləcəyi yerə, ətraf ərazilərə və yürüşün marşrutuna düşən yollara səfərbər olunublar.

"Qələbə" kinoteatrının (Dövlət Film Fondunun) qarşısındakı meydana toplantıdan əvvəl təxminən 500 nəfər qara rəngli xidməti geyim formasında olan, xüsusi vasitələrlə (dəyənək, qalxan, dəbilqə və s.) təchiz olunmuş polis əməkdaşı cəlb edilib. Toplantının keçirilməsinə rəsmi icazə verilməsinə baxmayaraq, mitinqdən əvvəl polislər "Qələbə" kinoteatrının qarşısındakı meydanda süni şəkildə sədd yaradaraq meydanı iki hissəyə ayırıblar. Polisin qurduğu həmin səddin gücləndirilməsi məqsədilə saat 17:56-da toplantı yerinə əlavə olaraq 500-ə yaxın çevik polis alayının əməkdaşı gətirilib. Mitinq iştirakçılarının meydanda toplaşmasının qarşısı alındığı üçün sonuncu kolonada gələn ADP nümayəndələri polisin yaratdığı süni sədd üzündən meydana daxil ola bilməyib, nəticədə mitinq nəzərdə tutulduğundan bir saat gec başlayıb. Polisin yaratdığı sədd üzündən toplantı iştirakçıları ilə polis arasında saat 18:29-dan etibarən bir neçə yerdə toqquşma baş verib, bir neçə nəfər mitinq iştirakçısına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.

"Parlament-2005" Hüquqşünasların Seçki Bloku bildirib ki, polis əməkdaşları Bakı Şəhər İcra hakimiyyətinin yürüş-mitiqlə bağlı qərarına məhəl qoymayaraq, vətəndaşların "Qələbə" meydanında icazəli və qanuni toplaşmasına imkan verməyib, bununla da onların sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə maneçilik törədiblər.

Xəbər lenti

Xəbər lenti