...

"MÜSTƏQİL GƏNCLƏR" SEÇKİ BLOKU REGİONLARDA DA YAŞAYAN GƏNC NAMİZƏDLƏRİ DƏSTƏKLƏYƏCƏK

Siyasət Materials 25 İyun 2005 13:14 (UTC +04:00)

"Müstəqil gənclər" seçki blokunun üzvlərinin hamısı bu il keçiriləcək parlament seçkisində iştirak etməyəcəklər. Bu barədə Trend ə seçki blokunun üzvü, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov məlumat verib. O, bildirib ki, gənclər bloku seçkidə əsasən gənc nəslin fəal şəkildə iştirak etməsinə, onların həm seçici, həm də namizəd kimi fəallığının, təşəbbüskarlığının artırılmasına və sonda parlamentdə təmsil olunmalarına çalışacaq. Ç.Bayramovun sözlərinə görə, "Müstəliq gənclər" seçki bloku üçün ən prioritet məsələ torpaqların işğal altında qalması faktını daim diqqətdə saxlamaq, əhali, xüsusilə gənclər arasında vətənpərvərliyi təbliğ etməkdir.

Blok üzvü onu da bildirib ki, burada təmsil olunan gənclərin böyük əksəriyyəti heç bir siyasi partiyanın üzvü, yaxud tərəfdarı deyil. Ümumiyyətlə bu seçki bloku parlament seçkisində əsasən bitərəf, müstəqil mövqeli gəncləri dəstəkləyəcək. Bununla belə, hansısa siyasi partiyada təmsil olunan, lakin intelekti, bacarığı və gələcək perspektivi ilə seçilən gənclər də seçki bloku tərəfindən dəstək alacaq. "Müstəqil gənclər" blokunun özünün isə yalnız bir neçə üzvü seçkidə namizədliyini irəli sürəcək, qalanları isə onların təbliğat kampaniysında, dəstəklənməsində yaxından iştirak etmək üçün bloka qoşulanlardır.

Ç.Bayramov əlavə edib ki, gənclər bloku ölkənin bölgələrini də əhatə edəcək və regionlarda yaşayan gənclərin də seçkidə iştirakını dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti