...

AŞPA-NIN DAĞLIQ QARABAĞ PROBLEMİ ÜZRƏ ALT KOMİTƏNİN İCLASININ GÜNDƏLİYİ SENTYABRA QƏDƏR MÜƏYYƏN EDİLƏCƏK

Siyasət Materials 27 İyun 2005 17:40 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən yaradılmış Dağlıq Qarabağ problemi üzrə alt komitənin sentyabrın 12-də keçirilməsi nəzərədə tutulan ilk iclasının gündəliyi sentyabra qədər müəyyən ediləcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə məlumat verib.

O, iyunun 23-də AŞPA-nın yay sessiyasında Qarabağ problemi ilə bağlı qətnamənin yerinə yetirilməsi üzrə iclasın keçirilməsini müsbət qiymətləndirib. "Təşkilati məsələlərə həsr olunmuş müzakirələr aparıldı və sentyabrın 12-də Parisdə lord Rassel Constonun sədrliyi ilə bu komitə işinə başlayacaq, - deyə A.Mollazadə əlavə edib. Onun sözlərinə görə, Paris iclasının işində XİN nümayəndələri kimi danışıqlar prosesində bilavasitə iştirak edən Minsk qrupuna daxil olan, Minsk Qrupunun həmsədrlərini təmsil edən ölkələrin nümayəndələri ona görə iştirak edəcəklər ki, onlar danışıqlar prosesinin hansı mərhələdə olduğunu və Avropa Şurasının Minsk qrupunun fəaliyyətinə necə təsir göstərə biləcəyini detallarına qədər öyrənsinlər. "İşçi qrupu Minsk qrupunu əvəz etmək məqsədi daşımır. Onun əsas məqsədi Minsk qrupunun işini sürətləndirmək və Avropa Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə yardım etməkdir. İclasda əsas məqsəd məsələnin daha dərindən öyrənilməsi və Minsk qrupu nümayəndələrinin fikir mübadiləsini təşkil etməkdir", - deyə o, əlavə edib.

Azərbaycanı Paris iclasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Asim Mollazadə təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti