...

ƏLİ ƏLİYEV: "SEÇKİ KOMİSSİYALARININ DƏYİŞDİRİLMƏSİ MƏSƏLƏSİNƏ HƏLƏ SON QOYULMAYIB"

Siyasət Materials 29 İyun 2005 13:14 (UTC +04:00)

"Parlamentdə Seçki Məcəlləsinin müzakirələri zamanı seçki komissiyalarının tərkibinə dəyişiklik edilməməsi qərarından sonra heç kəs düşünməsin ki, artıq bu məsələyə son qoyuldu". Bu fikirləri Trend agentliyinə müsahibəsində "Yeni Siyasət" seçki blokunun üzvü, Azərbaycan Milli İstiqlal Partityasının (AMİP) sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin qərarı seçki komissiyalarının dəyişdirilməsi istiqamətində göstərilən təşəbbüsləri dayandırmayacaq. Əli Əliyev qeyd edib ki, parlamentdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilərkən seçki komissiyalarının tərkibinin əvvəlki kimi saxlanılması hələ son nöqtəni qoymayıb və seçkiyə qədər bu məsələdə dəyişikliyə nail olmaq mümkündür. "Biz hesab edirik ki, bütün müxalifət qüvvələri birləşib seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı hökumətə təzyiq göstərməlidir. AMİP-in mövqeyi budur ki, seçki komissiyaları paritet əsasda formalaşdırılmalıdır. Ümumiyyətlə, komissiyalarda mütərəqqi dəyişikliklər edilməsi vacibdir, çünki seçkilərin taleyini əsasən seçki komissiyaları həll edir"- deyə AMİP sədri bildirib.

Əli Əliyev onu da deyib ki, əgər göstərilən bütün səylər nəticə verməsə və seçki komissiyaları indiki tərkibdə qalsa, müxalifət qüvvələri istənilən halda seçkidə iştirak edəcək. Sadəcə olaraq, seçkidə hər hansı spekulyasiyalara, saxtakarlıqlara yol verilməməsi və seçkinin nəticələrinin indidən şübhə altına alınmaması üçün demokratik qüvvələrin tələbləri nəzərə alınmalı və seçki komissiyaları kiminsə təsir dairəsində olmaqdan çıxarılmalıdır.

AMİP sədri bildirib ki, seçki prosesində həlledici rol oynayan seçki komissiyaları ilə bağlı tələblərinə nail olmaq üçün müxalifət qüvvələri fəaliyyətlərini və səylərini birləşdirməlidir.

Xəbər lenti

Xəbər lenti