...

ANDRES HERKEL: AZƏRBAYCANIN SEÇKİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR ETMƏYƏ HƏLƏ VAXTI VAR

Siyasət Materials 29 İyun 2005 17:02 (UTC +04:00)

Əgər Azərbaycanda parlament seçkiləri Avropa Şurasının tələblərinə cavab verməsə, AŞPA Bakıya münasibətdə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılması da daxil olmaqla sərt tədbirlər görə bilər. Bu barədə Trend ə verdiyi ekskluziv müsahibəsində AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.
Azərbaycanın seçki məcəlləsində düzəlişlərin edilməsinə toxunan A.Herkel qeyd edib ki, çərşənbə axşamı Milli Məclisdə seçki qanununa düzəlişlər layihəsi Venesiya Komissiyasının əsas tələblərini özündə əks etdirmir. Onun sözlərinə görə, burada yalnız əhəmiyyətsiz iradlar nəzərə alınsa da, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi kimi əsas məsələyə toxunulmayıb.
"Mən düşünürəm ki, Azərbaycanın hələ bu düzəlişləri etmək üçün vaxtı var və bu məsələ iyulda həll oluna bilər". "Son sözü Azərbaycan parlamenti deməlidir"- deyə A.Herkel qeyd edib. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisinin sözlərinə görə, "əks halda bu məsələ Avropa Şurasının Azərbaycanla bağlı mövqeyində mənfi münasibətin yaranmasına səbəb ola bilər".
A.Henkel həmçinin qeyd edib ki, AŞPA-nın Strasburqdakı yay sessiyasındakı müzakirələr "Azərbaycanda demokratiya sahəsində vəziyyət barədə" qətnamənin mətnində əks olunmayıb, lakin britaniyalı parlamentari Malkom Bryusun "Siyasi məhbuslarla bağlı vəziyyət barədə" məruzəsi əsaslı şəkildə dəyişib.
A.Herkelin bəyanatını Trend ə şərh edən Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva həmməruzəçinin bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqeyindən təəssüfləndiyini bildirib. "Brüsseldə AŞPA-nın yay sessiyasında A. Herkel və A.Qross Bakının ünvanına ciddi ittihamlar söylədikləri vaxt, Ermənistan üzrə həmməruzəçilər Yerevanın ünvanına parlamentarilərin tənqidi bəyanatlarını pislədilər", - deyə G. Hacıyeva qeyd edib. Onun sözlərinə görə, həmməruzəçilərin belə pessimist mövqeyi Azərbaycanda demokratik proseslərin inkişafına mənfi təsir göstərir.
AŞPA-da Azərbaycanın yeni nümayəndə heyətinin mandatının ratifikasiya olunmaması məsələsinə toxunan Azərbaycanın millət vəkili bildirib ki, "bu cür ittihamlar hər hansı bir Qərbi Avropa dövlətinin ünvanına səsləndirilə bilməzdi". "Heç kimin Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin yekunlarını qabaqcadan ittiham etməyə haqqı yoxdur. Bu günlərdə Azərbaycan parlamentində qəbul edilmiş Seçki Məcəlləsində sonuncu dəyişikliklər isə seçkiqabağı mübarizənin gedişinə müsbət təsir göstərəcək", - deyə G.Hacıyeva qeyd edib.
Sonda parlamentari parlamentin Azərbaycanın Seçki Məcəlləsində düzəlişlərlə bağlı növbədənkənar iclasın keçirilməsinin mümkünlüyünü istisna edib. "Çərşənbə axşamı Azərbaycan pardlamentinin plenar iclası məcəlləyə düzəlişlər barədə layihəni qəbul etməklə bununla da öz işini başa çatdırıb. Növbədənkənar iclasın keçirilməsinə ehtiyac yoxdur", - deyə G.Hacıyeva bildirib.

Xəbər lenti

Xəbər lenti