...

"SİYASİ MƏHBUS"LARA DAİR İŞÇİ QRUPUN İCLASI TƏXİRƏ SALINA BİLƏR

Siyasət Materials 29 İyun 2005 17:43 (UTC +04:00)

"Siyasi məhbuslar"la bağlı İşçi qrupun iyulun 1-nə təyin olunmuş növbəti iclası təxirə salına bilər. Bu haqda İşçi qrupunun üzvü , hüquq müdafiəçisi, Beynəlxalq İnsan Haqları Təşkilatının Azərbaycan bürosunun rəhbəri Səadət Bənəniyarlı Trend ə müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, buna səbəb heyətə daxil olan bəzi hüquq müdafiəçilərinin müxtəlif xarici ölkələrdə ezamiyyətdə olmasıdır.

" İşçi qrupunun üzvü Novella Cəfəroğlu yalnız iyulun 3-də Bakıya qayıda biləcəkdir.Çingiz Qənizadənin ezamiyyət müddəti iyunun 30-da başa çatsa da, onun iclasa gəlib çatacağı hələ də sual altındadır"-deyə Səadət Bənəniyarlı bildirmişdir.

Məsələyə münasibət bildirən İşçi qrupunun digər üzvü, AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva Trend ə müsahibəsində iclasın təxirə salınmasının mümkünlüyünü bildirmişdir.

Millət vəkili bunu müxtəlif - İşçi qrupunun bəzi üzvlərinin Bakıda olması, eləcə də qarşıdakı günlərdə AŞ PA-nın Monitorinq və Qaçqınlar, Əhali və Miqrasiya komitələrinin Bakıda keçiriləcək iclaslarına hazırlıqla əlaqələndirmişdir.

Xatırladaq ki, iyunun 10-da prezidentin İcra Aparatında(PİA) keçirilmiş İşçi qrupunun ilk iclasında hüquq müdafiəçiləri ilə yanaşı, AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, eləcə də heyətin digər üzvləri-Gültəkin Hacıyeva, Əli Hüseynov, PİA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, prezident yanında Əfv komissiyasının əməkdaşları iştirak etmişlər.

İclasda qərara alınmışdır ki, İşçi qrupu yalnız "siyasi məhbuslar" məsələsi ilə deyil, bütövlükdə ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olacaq. Növbəti iclasda, həmçinin İşçi qrupuna yeni adın verilməsi də nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti