...

MÜSAVAT PARTİYASININ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ QARŞISINDA İCAZƏSİZ PİKETİ KEÇİRİLƏCƏK

Siyasət Materials 1 İyul 2005 16:19 (UTC +04:00)

Müsavat Partiyasının iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirməyi planlaşdırdığı piketə şəhər rəhbərliyi izacə verməyib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda elə həmin orqanın qarşısında aksiya keçirilməsinə razılıq verilmədiyi bildirilib. Şəhər rəhbərliyi məktubda Müsavat Partiyasına qurultay keçirməsi üçün bu dəfə də Xətai adına Mədəniyyət Sarayını təklif edib.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayının keçirilməsi üçün Şəhriyar adına Mədəniyyət Sarayının verilməsi xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdu. Lakin bu təklifə müsbət cavab verilməyib və əvəzində Xətai adına Saray təklif edilib.

Lakin Müsavat Partiyası rəhbərliyi bununla razılaşmayıb və əvvəlki mövqeyində qalıb. Partiya həm Xətai adına Saraydan imtina etmək, həm də iyulun 2-də piket keçirmək qərarını dəyişməyib.

Partiyadan bildiriblər ki, icazə verilməməsinə baxmayaraq, iyulun 2-də saat 12.00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz piketi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti