...

İLHAM ƏLİYEV AŞ NAZİRLƏR KOMİTƏSİNİN "AQO" MONİTORİNQ QRUPU NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 1 İyul 2005 20:04 (UTC +04:00)

Noyabrda keçiriləcək parlament seçkiləri Azərbaycanda demokratik proseslərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Trend agentliyi xəbər verir ki, iyulun 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Avropa Şurası Nazirlər Komitəsinin "AQO" monitorinq qrupu nümayəndə heyətinin rəhbəri, alman diplomatı, səfir Ronald Vegener bu barədə bəyan edib.O, qeyd edib ki, regiona ötən səfərindən keçən vaxt ərzində Azərbaycanda böyük irəliləyişlər baş verib.

Səfir qeyd edib ki, prezident İlham Əliyevin əfv haqqında sonuncu fərmanı, seçki təcrübəsinin təkmilləşdirilməsinə dair sərəncam, həbs cəzası sistemində müsbət dəyişikliklər, məhbus hüquqları müdafiəsinin təmin edilməsi, bütün deputatlığa namizədlərə bərabər hüquqların verilməsi, müxalifət nümayəndələri ilə dialoqun təşkil edilməsi, eləcə də mitinqlərin keçirilməsinə icazə verilməsi ölkədə demokratik islahatların konkret nümunələridir.

Ronald Vegenerin sözlərinə görə, "AQO" monitorinq qrupunun üzvləri Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin CNN Turk telekanalına müsahibəsini böyük diqqətlə qarşılayıb.

Öz növbəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyev deyib ki, "AQO" nümayəndə heyətinin növbəti səfəri qarşılıqlı maraqdan doğan məsələlərin hərtərəfli müzakirəsi üçün imkan yaradıb.

Görüş çərçivəsində həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti