...

QULAMHUSEYN ƏLİBƏYLİ: AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ QAPANMAYIB

Siyasət Materials 4 İyul 2005 16:50 (UTC +04:00)

Azərbaycanda siyasi məhbuslar məsələsi qapanmayıb və bu problemin həlli üçün fəal işlərin aparılması zəruridir. Bu barədə Trend ə ekskluziv müsahibəsində Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycanın nümayəndə heyətinin müxalifətçi Xalq Cəbhəsi Partiyasından olan üzvü Qulamhüseyn Əlibəyli bəyan edib.

AŞPA-nın yay sessiyasının nəticələrinə toxunan Q.Əlibəyli qeyd edib ki, britanyialı parlamentari Malkom Bryusun "Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyət barədə" məruzəsi üzrə qətnamə layihəsində köklü dəyişikliklər baş versə də, Parlament Assambleyasının yekun qərarında bu məsələnin həll edilməməsi faktı dəqiq şəkildə qeyd olunub.

Müxalifətçi parlamentari xatırladıb ki, Azəröbaycan həbsxanalarında hələ də adları siyasi məhbus siyahılarında olan şəxslər qalmaqdadır. Eyni zamanda, onun fikrincə, Azərbaycanda məhkəmə sistemində islahatların aparılması ona görə zərurimdir ki, gələcəkdə siyasi məhbuslarla bağlı problemin yaranması imkanlarının qarşısı alınsın.

Sonda Q. Əlibəyli keçmiş məhbusların seçki hüququnun bərpa olunması məsələsi barədə də fikrini ifadə edib. Deputat xatırladıb ki, 2003-cü il oktyabr hadisələrində iştirak etdiyinə görə mühakimə olunmuş iki müxalifətçiyə Azərbaycancan parlamentində öz namizədliyini irəli sürməyə icazə verilib.

"Mən ümid edirəm ki, digər müxalifətçilərə münasibətdə də belə oxşar qərarlar qəbul ediləcək" - deyə müxalifətin nümayəndəsi qeyd edib ki, namizədliyin irəli sürülməsi zamanı hər hansı hüququn məhdudlaşdırılması prinsipcə düzgün deyil". "Mühakimə olunmuş vətəndaşlar hər zaman öz seçki hüququnu reallaşdırmaq hüququna malik olmalıdırlar", - deyə Qulamhuseyn Əlibəyli bildirib.

Xəbər lenti

Xəbər lenti