...

AZƏRBAYCANÇI QÜVVƏLƏR BİRLİYİ SEÇKİ BLOKU ELAN OLUNDU

Siyasət Materials 6 İyul 2005 13:34 (UTC +04:00)

Bir neçə siyasi partiya və ictimai təşkilatları birləşdirən Azərbaycançı Qüvvələr Birliyi Seçki Bloku elan olunub. Trend in məlumatına görə, iyulun 6-da Beynəlxalq Mətbuat Mərkəzində seçki blokunun təqdimat mərasmi keçirilib, onun məqsəd və məramları, tərkibi, irəli sürdüyü konsepsiya və təkliflər barədə açıqlama verilib.

İslam Partiyasının sədri Hacıağa Nuri bildirib ki, bu il parlament seçkilərinin demokratik keçirilməsinə və milli demokratik qüvvələrin Milli Məclisdə təmsilçiliyinə nail olmaq məqsədilə AQB-də təmsil olunan siyasi partiyalar və bura daxil olmayan bir neçə ictimai qurumlar Azərbaycançı Qüvvələr Birliyi Seçki Blokunda birləşməyə qərar verib. Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, seçki bloku ölkənin müxtəlif sahələrinə, siyasi, iqtisadi, sosial, hərbi və digər məsələlərlə bağlı özünün seçki proqramını hazırlayıb. Bu sənəddə dövlət əhəmiyyətli məsələlərə, qlobal problemlərin həllinə, Azərbaycanın inkişaf perspektivlərinə dair blokun təklifləri əksini tapıb.

T.Kərimlini həmçinin qeyd edib ki, onların seçki bloku digər siyasi qüvvələrlə, seçki blokları ilə əməkdaşlığa hazırdır.

Hələlik 9 təşkilatı birləşdirən Seçki blokunun genişlənməsi, yeni üzvlərin qəbulu nəzərdə tutulub. Blok hazırda 90 seçki dairəsi üzrə namizədini müəyyən edib. Təqdimat mərasimində Azərbaycançı Qüvvələr Birliyi Seçki Blokunun rəmzləri də açıqlanıb. Blok AQB-nin əvvəlki bayrağını saxlayıb, üzərində dövlət bayrağımızın rənglərində Azərbaycanın xəritəsi həkk olunub.

Xəbər lenti

Xəbər lenti