...

AZƏRBAYCANIN DTT-YƏ DAXİL OLMASI ÜZRƏ DANIŞIQLARIN NÖVBƏTİ RAUNDU 2006-CI İLDƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 7 İyul 2005 18:42 (UTC +04:00)

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olması üzrə danışıqların növbəti raundu 2006-cı ilin fevral-mart aylarına təyin edilib. Trend agentliyi xəbər verir ki, iyulun 7-də brifinqdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu barədə bildirib.

Nazir müavini jurnalistləri iyunun 28-dən iyulun 1-dək Cenevrədə keçirilən danışıqların növbəti raundu barədə məlumatlandırdı.Məmmədquliyevin sözlərinə görə, ilk dəfə danışıqlar çoxtərəfli səviyyədə aparılıb.

Nazir müavini bildirib ki, görüşdə Azərbaycanın hesabatı dinlənilib, hökumətin işçi qrupu DTT ekspertlərinin ticarət rejimi barədə suallarının bir hissəsini cavablandırıb, bəzi suallara yazılı cavablar isə avqustun 1-dək təşkilata təqdim ediləcək.

Məmmədquliyev deyib ki, bütövlükdə danışıqlar konstruktiv olub, Azərbaycanın təklifləri bəyənilib və təbii ki, hökumətin yerinə yetirməli olduğu bir neçə tövsiyələr verilib.

DTT-nin əsas tələbləri kənd təsərrüfatı, ixrac subsidiyalarının ləğvi, bazara çıxış, tarif dərəcələri və ticarət xidmətləri ilə bağlıdır.DTT həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, onun tətbiqi mexanizmlərinin işlənib hazırlanmasını tələb edir.

Azərbaycan işçi qrupu ölkədəki ticarət rejimi barədə məlumatların əks olunduğu "Faktiki nəticələr" hesabatını hazırlamalıdır.Danışıqların yekunları Azərbaycan XİN-də iyulun 8-nə planlaşdırılmış müşavirədə müzakirə ediləcək.

Xatırladırıq ki, Azərbaycan hökuməti 1997-ci ildə DTT-yə müraciət edib, danışıqların birinci raundu yalnız 4 ildən sonra - 2001-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti