...

"AZADLIQ" SEÇKİ BLOKUNUN NÖVBƏTİ MİTİNQİ KEÇİRİLİB

Siyasət Materials 10 İyul 2005 19:42 (UTC +04:00)
"AZADLIQ" SEÇKİ BLOKUNUN NÖVBƏTİ MİTİNQİ KEÇİRİLİB

Noyabrın 6-da Azərbaycanda keçiriləcək seçkilər azad, demokratik və şəffaf olmalıdır. Trend agentliyinin xəbər verdiyi kimi, bu barədə "Azadlıq" seçki müxalifət blokunun iyulun 10-da Bakıda keçirilmiş mitinqində bildirilib.

Tədbirdə müxalifət partiyalarının seçki blokuna daxil olan nümayəndələri, o cümlədən, Azərbaycan Xalq Cəbhəsi partiyasının (islahatçılar) sədri Əli Kərimli, "Müsavat" partiyasının sədri İsa Qəmbər, Azərbaycan Demokratik Partiyasının (ADP) birinci sədr müavini Sərdar Cəlaloğlu, həmçinin "Ümid", Azərbaycan Milli Demokratik partiyası kimi bir sıra müxalifət yönümlü partiyaların nümayəndələri iştirak ediblər. Aksiyanın əsas şüarları "Azadlıq", "Azad seçkilər", "İstefa", "Qarabağ" olub. Mitinqdə partiyaların bayraqları ilə yanaşı, narıncı rəngli bayraqlar da qaldırılıb.

İ. Qəmbər çıxışı zamanı bildirib ki, demokratik qüvvələr ölkədə azad və şəffaf seçkilərin keçirilməsinə nail olana qədər seçki blokunun aksiyaları Bakının bütünü rayonlarında, həmçinin Azərbaycanın regionlarında davam edəcək. Onun sözlərinə görə, hakimiyyət ölkənin Seçki məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı beynəlxalq təşkilatların və müxalifətin tələblərini nəzərə almalıdır. Əli Kərimli çıxışı zamanı ədalətli və vicdanlı parlament seçkilərinin keçirliməsi uğründa müxalifət partiyaları arasında mövcud ittifaqın qorunması zəruriliyinə toxunub.

Sərdar Cəlaloğlu isə respublikada demokratik seçkilərin keçirilməsinə nail olmaq üçün aksiya və mübarizənin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Mitinqdə həmçinin qətlə yetirlmiş tanınmış jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşanə Hüseynova çıxış edərək, ölkədə söz azadlığı və demokratiya uğrunda mübarizəyə, həmçinin həyat yoldaşının qatillərinin tezliklə üzə çıxarılmalarına çağırdı.

Aksiyanın nəticələrinə görə, azad və ədalətli parlament seçkilərinin keçirilməsinin, Seçki məcəlləsinə dəyişikliklərin edilməsinin, bəzi müxalifət liderlərinin üzərindən qanunsuz məhkumluğun götürülməsi və onların seçkilərdə iştirak etmələri üçün şəraitin yaradılmasının, məşhur jurnalist Elmar Hüseynovun qatillərinin və bu qətlin təşkilatçılarının tezliklə üzə çıxarılmalarının, müxalifət liderlərinin seçkilərdə iştirak etmələri üçün onlara bərabər hüquqların verilməsinin və s. əks olunduğu qətnamə qəbul olunaraq, ucadan oxunub.

Xəbər lenti

Xəbər lenti