...

AZƏRBAYCANIN HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ İLƏ MEDİA ARASINDA DİALOQ YENİDƏN GÜNDƏMƏ GƏLİB

Siyasət Materials 11 İyul 2005 18:56 (UTC +04:00)
AZƏRBAYCANIN HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ İLƏ MEDİA ARASINDA DİALOQ YENİDƏN GÜNDƏMƏ  GƏLİB

İyulun 11-də prezidentin İcra Aparatının(PİA) təşkilatçılığı və Avropa Şurası Media Departamentinin dəstəyi ilə keçirilmiş seminarda Azərbaycan hökumət nümayəndələri ilə media arasında dialoq yenidən gündəmə gəlmişdir.

Trend informasiya agentliyi xəbər verir ki, seminarda PİA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ölkədə fəaliyyət göstərən KİV-lərin və jurnalist təşkilatlarının rəhbərləri, eləcə də, Avropa Şurası Media departamentinin əməkdaşı Lee Hibbard, Hüquq vasitəsi ilə Demokratiyaya Avropa Komissiyasının nümayəndəsi Sergey Kuzneçov, ATƏT-in Bakı ofisinin əməkdaşları Robin Sivord və İnqrid Qossinger, eləcə də Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Teleradio Şurasının rəhbəri Nuşiravan Məhərrəmov, İctimai Televiziyanın(İTV) baş direktoru İsmayıl Ömərov , qurumun Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları iştirak edirdilər.

Aprel ayında keçirilmiş ilk görüşdən sonra hakimiyyətlə media nümayəndələri arasında münasibətlərin normallaşdığını, bu sahədə irəliləyişlərin nəzərə çarpdığını diqqətə çatdıran Əli Həsənov, belə görüşlərin keçirilməsinin hakimiyyət-jurnalist münasibətləri, informasiyanın ilk mənbədən əldə edilməsi baxımından çox faydalı olduğunu bildirmişdir.

Hakimiyyət-media münasibətlərinin tənzimlənməsinin ölkənin demokratik inkişafına xidmət etdiyini vurğulayan Avropa Şurası Media departamentinin əməkdaşı Lee Hibbard, eləcə də ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord bu sahədə əməkdaşlığın yaradılmasında öz köməkliklərini əsirgəməyəcəklərini bildirmişlər.

Seminarda çıxış edən müxalifətyönlü media təmsilçiləri hakimiyyət nümayəndələrindən məlumat almaqda hələ də problemlərin qaldığını, dövlət , eləcə də özəl şirkətlərin rəhbərlərinin bu cəbhədə təmsil olunun qəzetlərə reklam verməkdən çəkindiklərini, müxalifət qəzetlərinə reklam verən şirkətlərin müxtəlif inzibati yollarla cəzalandırıldıqlarını iddia etmişlər.

PİA rəsmisi isə öz növəsində üç gün davam edəcək seminarda bu kimi məsələlərin bir daha aydınlaşdırılacağını, qarşıya çıxan maneələrin birgə həll olunmasına çalışacaqlarını bildirmişdir.

Əli Həsənov , daha sonra , seminarın sonunda hakimiyyət-media münasibətlərinin prinsiplərini əks etdirən bəyannamənin imzalanacağını bildirmişdir

Üç gün davam edəcək seminarda hakimiyyət nümayəndələri və media arasında görüşləri təşkil etmək üçün irəli sürülmüş təşəbbüslərin nəticələri, media təmsilçilərinin hakimiyyət nümayəndələrindən informasiyanı sərbəst şəkildə əldə etmək üçün hüquqi bazanın təkmilləşdirilməsi, ölkədə seçki praktikasının təkmilləşdirilməsinə dair dövlət başçısının bir qədər əvvəl imzaladığı sərəncamdan irəli gələn vəzifələr, eləcə də, 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərinin mətbuatda işıqlandırılmasına dair aparılmış monitorinqin nəticələri, seçki zamanı media peşəkarlığı və Avropa Standartlarına uyğun olaraq qərəzsizlik, bərabərhüquqluluq və tərəfsizlik prinsiplərinin reallaşdırılması, seçki kampaniyası nın işıqlandarılması zamanı Azərbaycan mediası üçün davranış qaydalarının reallaşdırılması və digər məsələlər müzakirə ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti