...

MADLEN OLBRAYT: "GƏLİRLƏRİN BƏRABƏR BÖLÜNMƏSİ, ƏDALƏTLİ BÜDCƏ VƏ DEMOKRATİK SEÇKİLƏR AZƏRBAYCANIN UĞURLU İNKİŞAFININ TƏMİNATIDIR"

Siyasət Materials 12 İyul 2005 17:58 (UTC +04:00)
MADLEN OLBRAYT: "GƏLİRLƏRİN BƏRABƏR BÖLÜNMƏSİ, ƏDALƏTLİ BÜDCƏ VƏ DEMOKRATİK SEÇKİLƏR AZƏRBAYCANIN UĞURLU İNKİŞAFININ TƏMİNATIDIR"

Gəlirlərin bərabər bölünməsi, ədalətli büdcə və demokratik seçkilər - məhz bu yolla Azərbaycan uğurla inkişaf etdirilə bilər. Trend agentliyi bildirir ki, ABŞ Milli Demokratiya İnstitutunun (NDI) Bakı nümayəndəliyinin təşkil etdiyi "Qadınların seçki prosesində iştirakı" mövzusunda keçirilən dəyirmi masada keçmiş dövlət katibi Madlen Olbrayt (Madeleine Albright) bu bəyanatla çıxış edib.

M. Olbraytın sözlərinə görə, Azərbaycan böyük perspektivlərlə tez inkişaf edən ölkədir, amma istənilən ölkədə olduğu kimi burada da müəyyən çətinliklər mövcuddur.

"Mən düşünürəm ki, Azərbaycanın bəxti gətirib ki, bu ölkədə neft vardır. İrəliləyiş hiss olunur.Səhiyyə sistemi işləyir.Sabitlik təmin olunub"-deyə M.Olbrayt bildirib.

O, qeyd edib ki, büdcə vəsaitlərindən düzgün istifadə və qanunun aliliyinə bağlılıq Azərbaycanda demokratik institutların əsaslı şəkildə inkişaf etdirilməsinə imkan verər.

Eyni zamanda Madlen Olbrayt diqqəti ölkədə seçki komissiyalarının təşkili məsələsinə yönəldib.Onun fikrincə, Mərkəzi Seçki Komissiyası (MSK), əslində müstəqil orqandır.

"Şübhəsiz, Azərbaycan hakimiyyətinin qarşıdakı parlament seçkilərinə necə hazırlaşmasını bilmək vacibdir, həm də müxalifətin rəyi vacibdir"-deyə Madlen Olbrayt qeyd edib.

O, bildirib ki, məhz MSK elə bir zəmanətdir ki, dünyanın istənilən ölkəsində ədalətli və açıq seçkilərin keçirilməsinə imkan yaradır. "Əsas MSK-dan düzgün istifadə etmək bacarığıdır"-deyə Olbrayt əlavə edib.

Azərbaycan parlamentində qadınlar üçün kvota ayrılması məsələsinə toxunan keçmiş dövlət katibi bəyan edib ki, hər bir dövlət öz inkişaf yolunu seçir.

Dəyirmi masa iştirakçılarının suallarını cavablandıran Madlen Olbrayt qeyd edib ki, NDI bundan sonra da Azərbaycanda demokratiyanın inkişafına kömək edəcək. "NDI Azərbaycandakı siyasi qüvvələr arasında ayrı-seçkilik etməyəcək və ölkədəki bütün partiyalarla iş aparacaq"-deyə M. Olbrayt qeyd edib.

ABŞ-nın keçmiş dövlət katibi M. Olbrayt 1978-ci ildə prezident C.Karter yanında milli təhlükəsizlik Şurasının üzvü təyin edilib, ictimaiyyətlə əlaqələr üzrə məsul olub.

1993-cü ildə Olbrayt BMT yanında ABŞ-nın daimi nümayəndəsi postunu tuturdu. 1996-cı ildən 2000-ci ilədək isə prezident B.Klinton yanında dövlət katibinin postunu tutub. 2001-ci ilin yanvarından ABŞ Milli demokratiya institutu direktorlar şurasının başçısıdır.

Xəbər lenti

Xəbər lenti