...

AZƏR MÜRSƏLİYEV: DAĞLIQ QARABAĞ PROBLEMİ YAXIN 5-10 İLDƏ ÖZ HƏLLİNİ TAPACAQ

Siyasət Materials 14 İyul 2005 13:41 (UTC +04:00)
AZƏR MÜRSƏLİYEV: DAĞLIQ QARABAĞ PROBLEMİ YAXIN 5-10 İLDƏ ÖZ HƏLLİNİ TAPACAQ

Dağlıq Qarabağ problemi böyük "siyasi oyunun" bir hissəsidir və onun həlli Rusiya ilə ABŞ arasında gedən strateji mübarizənin yekunlarından olduqca asılıdır. Belə bir fikri rusiyalı ekspert, "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Azər Mürsəliyev Trend ə müsahibəsində ifadə edib.

Rusiyalı ekspertin fikrincə, postsovet məkanının bütün münaqişə gedən regionlarında iki rəqabət aparan qüvvənin mövcudluğu hiss olunur. "Əgər ABŞ Gürcüstanı dəstəkləyirsə, onda Rusiya, öz növbəsində Abxaziya və Cənubi Osetiyaya yardım edir. Əgər Vaşinqton və NATO Bakı ilə yaxınlaşırsa, o zaman Moskva öz qoşunlarını Gürcüstandan çıxararaq Ermənistanda yerləşdirməklə Yerevanla münasibətləri fəal sürətdə inkişaf etdirir", - deyə o bildirib.

A.Mürsəliyevin sözlərinə görə, Ukraynada, Gürcüstanda və Qırğızıstanda baş verən son hadisələr keçmiş Sovet İttifaqı ərazisində qüvvələr balansını kökündən dəyişdirib ki, bu da erməni-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həll olunacağını düşünməyə əsas verir.

"Bu məsələnin həlli sonsuzluğa kimi uzana bilməz",- deyə ekspert qeyd edib. Onun sözlərinə görə, "böyük oyun"un oyunçularından biri gec-tez regionu tərk etməlidir. "Burada söhbət 5-10 illik dövrdən gedir. Odur ki, "böyük oyun"un iştirakçılarının ehğtiyatları uzun müddətə bəs edə bilməz", - bildirən ekspert hesab edir ki, bu gün ABŞ-ın strateji üstünlüyü göz qabağındadır.

Rusiya tərəfinin Azərbaycan gəmilərinə Qara dəniz akvatoriyasından Xəzərə keçməsinə qadağa qoymasının mümkünlüyü barədə deyilənləri şərh edən rusiyalı ekspert qeyd edib ki, bu məsələ iqtisadi deyil, siyasi məsələdir. "Bu Moskvanın Bakıya təzyiq rıçaqlarından biridir və bu cür fikirlər açıq-aydın siyasi çalarlara malikdir", -deyə A. Mürsəliyev qeyd edib.

Qeyd edək ki, iyulun 13-də Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi İdarəsinin mətbuat katibi Vüqar Mirsadıq Trend ə müsahibəsində Rusiya hökumətinin İdarənin gəmilərinə RF-nın daxili sul marşrutlarına keçməyə icazə vermədiyi barədə məlumat vermişdi. "Hazırda 20-dən çox gəmi Qara dəniz və Azov dənizi hövzəsində işləyir. Bu problemlə əlaqədar biz Xəzər hövzəsinə daşınmalarla bağlı siyarişlər ala bilmirik. Lakin bu bizim gəmilərin işinə təsir etmir. Belə ki, onlar digər istiqamətlərdə işləyirlər ", - deyə V.Mirsadıq qeyd edib.

Xəbər lenti

Xəbər lenti