...

İSTANBUL VƏ SAKARİYA VİLAYƏTLƏRİNİN BƏLƏDİYYƏ BAŞQANLARI AZƏRBAYCANA SƏFƏR EDƏCƏKLƏR

Siyasət Materials 14 İyul 2005 20:20 (UTC +04:00)

İyulun 15-də Türkiyənin İstanbul və Sakarya vilayətlərinin bələdiyyə başqanlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir.

Bu haqda Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilmişdir.

Məlumatda, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, millət vəkili Nihat Ərgünün rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə həmçinin, baş nazir Rəcəb Tayyub Ərdoğanın bələdiyyələrlə iş üzrə köməkçisinin də daxil olduğu bildirilmişdir.

Səfərlərinə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarətlə başlayan nümayəndə heyəti, daha sonra Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvləri ilə görüşəcəklər.

Günün ikinci yarısında isə nümayəndə heyəti Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarət və bələdiyyələrlə iş üzrə mərkəzdə dövlət rəsmiləri , eləcə də azərbaycanlı həmkarları ilə görüşlər keçirəcəklər.

Məlumatda, nümayəndə heyətinin hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə də görüşünün planlaşdırıldığı bildirilmişdir.

Nümayəndə heyətinin Azərbaycana səfəri iyulun 16-da başa çatacaqdır.

Xəbər lenti

Xəbər lenti