...

"GƏNC AZƏRBAYCAN-YENİ ADLAR" SEÇKİ BLOKU PEDAQOJİ UNİVERSİTETİN RƏHBƏRLİYİNİN MƏHKƏMƏ HƏDƏSİNƏ CAVAB VERİB

Siyasət Materials 14 İyul 2005 20:22 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi Gənclər İdman və Turizim Nazirliyinin şöbə müdiri Əkrəm Abdullayevi məhkəməyə verəcək. Bu barədə Trend ə ali təhsil ocaqlarında görüşlər keçirən "Gənc Azərbaycan-yeni adlar" seçki blokundan məlumat verilib.

Qeyd edək ki, seçki blokunun üzvləri ilə birgə ali təhsil ocaqlarında tələbələrlə görüşdə iştirak etmiş Əkrəm Abdullayev iyulun 12-də "Müstəqil" qəzetinə müsahibə verib.

Müsahibədə ali təhsil ocaqlarında, xüsusilə Pedaqoji Universitetdə rüşvətxorluq hallarından, müəllimlər tərəfindən bəzi əxlaqsız hərəkətlərə yol verilməsindən danışılıb.

İyulun 13-də isə Pedaqoji Universitetin prorektoru Rafiq Baxşəliyev həmin qəzetə müsahibə verərək deyilənləri təkzib edib, Əkrəm Abdullayevin institutun imicinə zərbə vurduğuna və böhtan atdığına görə məhkəmə qarşısında cavab verməli olacağını bildirib.

"Gənc Azərbaycan-yeni adlar" seçki bloku bu məsələdə Gənclər İdman və Turizim Nazirliyinin şöbə müdiri Əkrəm Abdullayevi müdafiə etdiyini bəyan edib. Blok üzvləri bildiriblər ki, Əkrəm Abdullayevdən məhkəməyə şikayət olunarsa, onlar deyilənlər barədə lazımi faktları məhkəməyə təqdim edəcəklər.

Bu blok hesab edir ki, Pedaqoji Universitet rüşvətxorluq, mənəviyyatsızlıq mənbəyi kimi tanınır və bu barədə kifayət qədər faktlar var. Universitetin prorektorunun müsahibəsində də ziddiyyətli məqamlar olduğu bildirilir.

"Müsahibənin əvvəlində Rafiq Baxşəliyev qətiyyətlə bəyan edir ki, göstərilən faktlar yalandır, amma sonra deyir "rektor hər ehtimala qarşı araşdırma aparılmasına əmr verib, əgər əxlaqsız hərəkətə yol vermiş müəllim varsa, məsələni hüquq-mühafizə orqanlarına buraxın".

Əgər faktlar qətiyyətlə inkar olunursa onu araşdırmağa nə ehtiyac var? Araşdırma aparılmadan əxlaqsızlıq faktı qabaqcadan inkar edilir"-deyə seçki blokunun bəyanatında deyilir.

"Gənc Azərbaycan-yeni adlar" seçki bloku Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Bəhlul Ağayevdən tələb edir ki, göstərilən problemlərin həlli istiqamətində səmərəli iş görsün, rüşvətin, korrupsiyanın və tələbələrə qarşı yol verilən əxlaqsız hərəkətlərin qarşısını alınsın, günahkar müəllimlər cəzalandırılsın.

Xəbər lenti

Xəbər lenti