...

ELMAR MƏMMƏDYAROV: ERMƏNİSTANLA İSTƏNİLƏN RAZILIĞA YALNIZ AZƏRBAYCANIN KONSTİTUSİYASI ÇƏRÇİVƏSİNDƏ GƏLİNƏCƏK

Siyasət Materials 15 İyul 2005 11:53 (UTC +04:00)
ELMAR MƏMMƏDYAROV: ERMƏNİSTANLA İSTƏNİLƏN RAZILIĞA YALNIZ AZƏRBAYCANIN KONSTİTUSİYASI ÇƏRÇİVƏSİNDƏ GƏLİNƏCƏK

"Ermənistanla istənilən razılığa yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində gəlinəcək". Trend agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə AR xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərləri gedişində onlarla son danışıqları şərh edərkən bildirib.

Nazir danışıqların məxfiliyinə istinad edərək, onların mahiyyətini açıqlamaqdan imtina edib. Lakin o, qeyd edib ki, danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipi və ölkə Konstitusiyasının əsasında aparılır. Onun sözlərinə görə, hazırda tərəflər və vasitəçilər sülh sazişinin elementlər kompleksini müzakirə edirlər və söhbət 5 yox, 7 işğal olunmuş rayonun azad olunmasından, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasından, ərazilərin reabilitasiyasından, kommunikasiyanın, Dağlıq Qarabağ ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi mexanizmlərinin bərpasından və s. gedir.

E. Məmmədyarov erməni həmkarı ilə qarşıdakı görüş barədə məlumatı təsdiq edib. Azərbaycan və Ermənistan XİN başçılarının görüşü avqustun 22-də Moskvada keçiriləcək MDB ölkələrinin xarici işlər nazirlərinin növbəti iclası çərçivəsində baş tutacaq.

O, həmçinin etiraf edib ki, hər iki ölkə prezidentlərinin Kazanda keçiriləcək görüşləri Moskva görüşünün nəticələrindən asılı olacaq. "Varşava görüşündən sonra prezidentlər bizə bəzi detalları müzakirə etməyi və konsensusa gəlməyi tapşırıblar", - deyə, o bildirib.

AR xarici işlər naziri prezidentlərin Kazan görüşündə hər hansı bir sənədin imzalanmasına dair suala cavab verməkdə çətinlik çəkib. O, həmsədlərin Ermənistan tərəfi ilə danışıqlarının nəticələrini gözləməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti