...

SPİKER MURTUZ ƏLƏSGƏROV İSTANBUL VƏ SAKARİYA VİLAYƏTLƏRİNİN BƏLƏDİYYƏ BAŞQANLARINI QƏBUL EDİB

Siyasət Materials 15 İyul 2005 17:42 (UTC +04:00)

İyulun 15-də Milli Məclisin (MM) sədri Murtuz Ələsgərov Azərbaycanda səfərdə olan Türkiyənin İstanbul və Sakarya vilayətlərinin bələdiyyə başqanlarından ibarət nümayəndə heyətini qəbul edib. Bu haqda MM-in mətbuat xidmətinin rəhbəri Aqşin Babayev Trend ə bildirib.

Görüşdə Milli Məclis sədrinin müavinləri, Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, parlamentin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov, MM aparatının sədri Səfa Mirzəyev, qarşı tərəfdən isə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, millət vəkili Nihat Ərgünün rəhbərlik etdiyi 24 nəfərlik nümayəndə heyəti, o cümlədən 7 nəfər media təmsilçisi iştirak edib.

Bələdiyyələr sahəsində Türkiyənin qabaqcıl təcrübəyə malik olduğunu söyləyən spiker Murtuz Ələsgərov bu səfərin iki ölkənin bələdiyyə qurumları arasında əməkdaşlığa fayda verə biləcəyini bildirib.

Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə qurulduğunu vurğulayan Nihat Ərgün, parlamentlərarası əməkdaşlığın bu əlaqələri daha da inkişaf etdirdiyini bildirib.

AKP rəsmisi bələdiyyələr sahəsində də azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki,Türkiyəli qonaqlar Azərbaycana səfərlərinə bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.

Bu gün nümayəndə heyətinin həmçinin hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla görüşü olub.

Günün ikinci yarısında isə nümayəndə heyəti Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarət və bələdiyyələrlə iş üzrə mərkəzdə dövlət rəsmiləri , eləcə də azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

Nümayəndə heyəti iyulun 16-də Bakə şəhərinin Yasamal bələdiyyəsinin üzvləri ilə görüşəcək. Daha sonra isə Türkiyədən gəlmiş qonaqlar paytaxtın görməli yerləri ilə tanış olacaqlar.İyulun 17-də isə nümayəndə heyəti Qubaya səfər edəcək. Nümayəndə heyətinin Azərbaycana səfəri iyulun 18-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti