...

ATƏT PA-NIN XÜSUSİ NÜMAYƏNDƏSİ QORAN LENNMARKERİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏSİNİN MƏTNİ ELAN EDİLİB

Siyasət Materials 18 İyul 2005 20:45 (UTC +04:00)
ATƏT PA-NIN XÜSUSİ NÜMAYƏNDƏSİ QORAN LENNMARKERİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏSİNİN MƏTNİ ELAN EDİLİB

İyulun 18-də ATƏT -in Parlament Assambleyasının (PA) katibliyi Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə Qoran Lenmarkerin ATƏT PA-nın Vaşinqtonda keçirilmiş iyul sessiyası çərçivəsində baxılmış "Əvəzsiz imkan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi mülahizələr" adlı məruzəsinin mətnini nəşr edib.

Trend agentliyinin məlumatına əsasən, Azərbaycanda və Ermənistanda geniş əks-sədaya səbəb olmuş məruzədə qeyd olunur ki, "tərəflər tamamilə müxtəlif tarixi faktlara əsaslanır".Buna görə də bitərəf "barışıq və həqiqətlərin bərqərar edilməsi komitəsi" keçmişin yeganə və obyektiv şərhinə çalışmalıdır.Bu, ədalətə can atanlar üçün xüsusilə vacibdir.

Q.Lenmarker Ermənistan-Azərbaycan münaqişəsinin həllində Avropa inteqrasiyası təcrübəsindən faydalanmağı təklif edib.Xüsusilə dörd şərtin nəzərə alınmasının əhəmiyyəti qeyd olunur: birincisi: iştirakçı ölkələr başa düşməlidir ki, onların milli təhlükəsizliyi zərbə altında deyil.

Özünü təhlükəsizlikdə hiss edən qonşusu olmaq, eyni zamanda öz təhlükəsizliyini də təmin etmək deməkdir, ikincisi: demokratiyanın, insan hüquqlarının və azlıqların hüquqlarının yüksək standartlarına riayət olunmalıdır.

Öz mahiyyətinə görə qeyri-demokratik hökumət sabit deyil, üçüncüsü: iqtisadi inteqrasiya qarşılıqlı yüksəliş əsasında ümumi möhkəm qarşılıqlı asılılığı təmin edir və bu, inkişaf üçün daha etibarlı əsasdır.dördüncüsü: inteqrasiya prosesi vətəndaşların, xüsusilə də gənclərin hərəkət azadlığı ilə möhkəmlənir.

ATƏT PA-nın xüsusi nümayəndəsinin fikrincə, Ermənistan və Azərbaycan Gürcüstan ilə birgə ümui təhlükəsizlik, demokratiya və yüksəliş mühiti yaratmağa çalışa bilər.

Monitorinq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Dağlıq Qarabağda və Azərbaycanın onu əhatə edən rayonlarında beynəlxalq preventiv qüvvələr yaradıla bilər.

Sənəddə qeyd olunur ki, Ermənistanla Azərbaycanı birləşdirən şose və dəmir yollarının bərpası son dərəcə vacibdir. Ermənistanla Dağlıq Qarabağ, eləcə də Naxçıvan və xüsusilə Azərbaycan arasında möhkəm əlaqələr qaydaya salınmalıdır.

Dağlıq Qarabağın statusuna toxunan Q.Lenmarker qeyd edir ki, Ermənistan və Azərbaycanın müasir inteqrasiyaya əsaslanması bu məsələnin həlli axtarışlarını çox asanlaşdırar.

Sərhədlər açıldıqda və inteqrasiya olunmuş iqtisadiyyat yaradıldıqda ərazi üzərində nəzarət rolu keçmiş əhəmiyyətini itirər və bununla bağlı daha az mübahisələr yaranar.

Eyni zamanda Q.Lenmarker xatırladıb ki, Azərbaycan öz çərçivəsində və Avropa ölkələrinin təcrübəsini nəzərə alaraq Dağlıq Qarabağa daha yüksək dərəcədə muxtariyyət vermək istəyərdi.

Dağlıq Qarabağa onun orijinallığının saxlanılması imkanının verilməsi vacibdir.Buranın əhalisini isə əmin etmək lazımdır ki, onların hüquqları Azərbaycan çərçivəsində etibarlı və müstəqil hüquq sistemi ilə müdafiə olunacaqdır.Sənəddə qeyd edilir ki, istənilən yüksək dərəcəli muxtariyyətin təmin olunması üçün Azərbaycanın milli büdcəsinə əlavə olaraq maliyyə dəstəyi lazımdır.

Xəbər lenti

Xəbər lenti