...

BAKIDA AZƏRBAYCAN-GÜRCÜSTAN SAHİBKARLARININ BİZNES-FORUMU KEÇİRİLİB

Siyasət Materials 19 İyul 2005 14:27 (UTC +04:00)
BAKIDA AZƏRBAYCAN-GÜRCÜSTAN SAHİBKARLARININ BİZNES-FORUMU KEÇİRİLİB

İyulun 19-da Bakıdakı biznes mərkəzində Gürcüstanın baş naziri Zurab Noqaidelinin iştirakı ilə Azərbaycan və Gürcüstan sahibkarlarının biznes-forumu keçirilib. Məlumatı Trend agentliyi yayıb. Tədbirdə həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze və gürcü hökumətinin nümayəndələri, Azərbaycan tərəfdən isə baş nazirin myavini Abbas Abbasov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov və digərləri iştirak edib.

Forum çərçivəsində Gürcüstanın baş naziri Azərbaycanda istehsal olunan məhsullarla və Bakı bğiznes mərkəzindəki sərgi ilə tanış olub. A.Abbasov iki ölkə arasında sıx əlaqələrin olması və onların inkişaf istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı üçün əlverişli iqlim yaranıb.

"Əgər Azərbaycanda mal dövriyyəsi 1995 -ci ildə 1,3 milyard dollar təşkil edirdisə, 2004-cü ildə 7,1 milyard dollara çatıb. 2004-cü ildə ÜDM-un həcmi 2003-cü illə müqayisədə 10,2%, sənaye istehsalı - 5,7%, kənd təsərrüfatı məhsullarının istehsalı- 4,6%, əhalinin pul gəlirləri - 20,7%, orta aylıq əmək haqqı- 26,2% təşkil edib", - deyə o bildirib.

A.Abbasov həmçinin bildirib ki, ÜDM payının 73,5% təşkil etdiyi özəl sektorda da müsbət irəliləyişlər əldə olunub. 1996-2004-cü illərdə ölkə iqtisadiyyatına 22 milyard dollardan artıq sərmayə qoyulub ki, onun 16,4 milyard dolları xarici sərmayədarların payıvna düşür.

A.Abbasov ölkədə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri və TRASEKA kimi irimiqyaslı energetika layihələrinin həyata keçirilməsindən danışıb. O bildirib ki, 2005-ci ilin yanvar-may aylarında Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsinin həcmi ötən ilin analoji dövri ilə müqayisədə 1,6 dəfə artaraq 84,2 milyon dollar təşkil edib.

"2004-cü ildə Gürcüstana 115 milyon dollarlıq 400 min tondan artıq benzin, mazut, dizel yanacağı və s. kimi neft məhsulları göndərilib. 2005-ci ilin 5 ayı ərzində 175,4 min tondan artıq neft məhsulları satılıb.

2004-cü ildə Bakı-Supsa boru kəməri vasitəsilə 6,4 milyon ton neft ixrac olunub", - deyə o bildirib. Baş nazirin müavini gürcü tərəfi ilə energetika, nəqliyyat və s. məsələlər barədə müzakirələrin keçirildiyini bildirib.

A.Abbasov həmçinin bildirib ki, Azərbaycanda 55 gürcü şirkəti fəaliyyət göstərir ki, onlardan 29-u 100 %-lik gürcü kapitalı ilə, 6 -sı isə birgə müəssisə kimi fəaliyyət göstərir. Gürcüstanda 82 Azərbaycan müəssisəsi fəaliyyət göstərir ki, onlardan 59-u 100%-lik Azərbaycan kapitalı ilə, 16 -ı isə birgə müəssisə kimi fəaliyyət göstərir.

Z.Hoqaideli Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək bildirib ki, komissiya iki ölkə arasında əlaqələrin genişləndirilməsinə xidmət göstərir. O, Gürcüstanda həyata keçirilən islahatlardan danışıb. "Bu islahat öz əhəmiyyətinə görə bu ilin əvvəlindən qüvvəyə minən və artıq ölkədə həyata keçirilən vergi islahatından heç də geri qalmır.

İqtisadiyyat təxminən 400-500 milyon lari vergi yükündən azad olub. Beləç islahatların fonunda Gürcüstanda azərbaycanlı sahibkarların da diqqətini cəlb edən özəlləşdirmə prosesi gedir.
Mən Azərbaycanın işgüzar dairələrinin nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıram. Bu məqsədlə Bakıdakı səfirliyək maraqlanan şəxslərə obyektlər barədə məlumatlar verilməsi tapşırılıb ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti